Mətbuat katibi: Milyarder Fərhad Əhmədovun yalnız evində axtarış aparılıb

Fərhad Əhmədov (Mənbə facebook)

“Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədov barəsində Azərbaycanda hər hansı cinayət təqibi yoxdur. Fərhad Əhmədov hər zaman Azərbaycan dövlətinin yanında olub. Vətən müharibəsi zamanı da bunu əməlləri ilə sübut edib.”

Bu barədə milyarderin mətbuat katibi Müşfiq Əli Zahid Əhmədovun villasında və müəssisələrində axtarış aparılması və hətta onun saxlanılması haqqında yerli mediada yayılan məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, yalnız onun Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.

Əli Zahid qeyd edib ki, axtarış zamanı heç nə müsadirə olunmayıb.

“Görünür, bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb. Əhmədovun saxlanılması haqqında məlumat da həqiqətə uyğun deyil. O, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir,” mətbuat katibi Amerikanın Səsinə bildirib.

Öz növbəsində, Azərbaycanın hüquq mühafizə orqanları axtarışın səbəbləri ilə bağlı hələ şərh verməyib.

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Azərbaycanın Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.

Əhmədov Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda ABŞ hökumətinin və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Fərhad Əhmədov on ildən artıq müddətdir ki, Forbes jurnalının Rusiya versiyasına görə dəyişməz olaraq Rusiyanın 200 ən zəngin adamı reytinqinə daxildir. 2019-cu ilə olan vəziyyətə görə Rusiyanın ən zəngin şəxslərinin reytinqində 67-ci yeri tuturdu (şəxsi var-dövləti 1,4 mlrd. dollar təşkil edir). Forbes-in ümumdünya versiyasına görə milyarderlərin siyahısında 2141-ci yeri tutur.