Mixail Saakaşvili: Gürcüstan bütün dünyaya böyük inkişaf nümayiş etdirdi

  • Amerikanın səsi
Gürcüstan prezidenti Mixail Saakaşvili Amerikanın səsinə müsahibədə deyib ki, daha çox inkişaf etmiş Gürcüstan ABŞ üçün daha uğurlu tərəfdaş deməkdir

Gürcüstan prezidenti Mixail Saakaşvili Amerikanın səsinin gürcü xidmətinə müsahibə zamanı 11 sentyabr hücumlarının dünya miqyasında təsirləri, ABŞ-Rusiya münasibətləri, Rusiyanın bu yaxınlarda BMT-nin Gürcüstan qaçqınlarının separatçı Abxaziya və Cənubi Osetiya regionlarına qayıtması haqda qərarına etirazını şərh edib.

Amerikanın səsi: Cənab prezident, 2001-ci il sentyabrın 11-də terror hücumları Amerika tarixində ən dəhşətli hadisə hesab edilir. Hazırkı perspektivdən baxdıqda bu hadisələr bütün dünyaya və Gürcüstana hansı təsir qoydu.

Prezident Saakaşvili: 11 sentyabr hadisələri bütün dünyanı fundamental şəkildə dəyişdi. O vaxt bu indiki kimi aydın deyildi. Dünyada oyun qaydaları dəyişdi, prioritetlər fundamental olaraq dəyişdi. Mən deyə bilmərəm ki, dünya yaxşı bir yer oldu. Vəziyyət daha mürəkkəb və gərgindir. Bu ona görə baş verdi ki, 11 sentyabr hadisələrindən öncə soyuq müharibənin başa çatdığı və dünyanın tərəqqi, demokratiya istiqamətində hərəkət etdiyi və bu prosesi heç bir şeyin saxlaya biləməyəcəyi və hamının qarşıda gözəl gələcəyi olduğu haqda fikir vardı. Birdən vəziyyət istənilməyən bir şəkildə dəyişdi. Planetimizin vətəndaşları və hər bir ölkədə bunun nəticələri hiss edildi, xüsusilə də kiçik ölkələrdə.

Amerikanın səsi: Cənab prezident, siz BMT-də Gürcüstanda Abxaziya və Cənubi Osetiya qaçqınlarının qayıtmasına dair qətnaməsini diplomatik qələbə kimi qiymətlndirmisiniz. Bunu bir qədər daha geniş şərh etmənizi istərdik.

Prezident Saakaşvili: Burada söhbət mürəkkəb bir nəzəriyyədən getmir. Öz yerlərini tərk etməyə məcbur edilmiş 450 mindən artıq məcburi köçkün var. Bu rəqəm saymağınızdan asılı olaraq 450 minlə 500 min arasındadır. Bu insanların öz yerlərinə qayıtmaq və öz adını bərpa etmək hüququ, əmlak hüququ, anadan olduğu, boya-başa çatdığı, məktəbə getdiyi, övladlarının anadan olduğu və əcdadlarının dəfn edildiyi yerlərə qayıtmaq hüququ var. Məntiqi baxımdan bu, hüquqlara müqavimət göstərməyin heç bir mənası yoxdur. Buna baxmayaraq, Rusiya Federasiyanın bu məsələdə amansız mübarizə apardığı bir faktdır və prezident Medvedevin bəzi ölkələrin liderlərinə şəxsən, hətta bir neçə dəfə zəng etdiyi halları olub. Biz bunları bilirik və bizim bilmədiklərimiz məsələlər də var. Bütün təzyiqlərə baxmayaraq, şantaj və birbaşa təhdidlərə baxmayaraq, Hindistan keçən il qətnamənin əleyhinə səs verdiyi halda, bu il bitərəf qalıb. Əlcəzair, Liviya, İran, Boliviya və Ekvador da bitərəf qalıblar.

Rusiya Solomon adaları və səhv etmirəmsə, Serbiyadan dəstək aldı. Serbiya Rusiyanın şantajı və təzyiqlərinə davam gətirmədi. Rusiya bir neçə böyük ölkənin səsini ala bilmədi və bundan daha mühümü odur ki, bizim, daha doğrusu, məcburi köçkünləri dəstəkləyən ölkələrin sayı artdı. Bu, müəyyən mənada xeyir və şər arasında mübarizəyə bənzəyir. Heç kəs fundamental insan hüquqlarına etiraz etməyəndə, kiminsə bunu diplomatik bir zərurət kimi göstərməsini başa düşmək çətindir.

Təbii ki, qətnamənin Gürcüstanın ərazi bütövlüyünün tanınması kimi siyasi-hüquqi tərəfi var. Heç kəs bunu sual etmir. Sonra hətta beynəlxalq hüququn normalarına əhəmiyyət verməyib öz hərəkətlərini müdafiə edən Rusiya da başa düşdü ki, heç kəs Gürcüstanın ərazi bütövlüyü məsəsində onun fikrini bölüşmür. Fikrimcə, onlar hamının Abxaziya və Cənubi Osetiyanı tanıyacağı və hər şeyi unudacağına dair ümidlərinin baş tutmadığını dərk etməyə başlayıblar. Bu, heç kəsin hüquqi baxımdan qəbul etməyəcəyi bir məsələdir. İkinci məsələ hazırda real vəziyyətin olduqca ciddi olması və təəssüf ki, de fakto bunun dəyişməsi üçün hər bir şeyin edilməməsidir.

Amerikanın səsi: Cənab prezident, sentyabrın 23-də siz BMT-nin Baş Assambleyasında çıxış edəcəksiniz. Çıxışınızın diqqət mərkəzində hansı məsələlər olacaq və siz hansı mesajı göndərmək istəyirsiniz.

Prezident Saakaşvili: Hər il biz BMT-də Gürcüstanda ətraf mühit məsələsini qeyd edirik. Biz prioritetlər haqda danışırıq və təəssüf ki, işğal məsələsi də gündəmdədir. Abxaziyada əmlak hüquqları əvəllər olmadığı bir səviyyədə gündəmə çıxarılıb.

Eyni zamanda, dəyişiklik də var-Gürcüstan bütün dünyaya olduqca böyük tərəqqi nümayiş etdirdi. Qonşu ölkələrdə, məsələn, Ukrayna, Moldova, Belarus, Transqafqaz ölkələrində və hətta Rusiyanın ziyalı çevrələrində Gürcüstanda islahatlarla bağlı narahatlıq müşahidə olunur. Bununla belə, Gürcüstan bu gün fərqli bir ölkədir. Gürcüstan faktoru indi daha çox nəzərə alınır. Biz indi insanların bizə yazığı gəldiyi bir vəziyyətdə deyilik. İndi Gürcüstanın nailiyyətlərinə görə iftixar hissi keçirən və ruhlanan insanlar var. Bu özü bizim düşmən üçün böyük sürprizdir, bizim dostlarımız və xalqımız üçünsə sevindirici bir inkişafdır.

Amerikanın səsi: Gürcüstan-ABŞ münasibətləri haqda nə deyə bilərsiniz. ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsindən sonra münasibətlər necə görünür.

Prezident Saakaşvili: Hazırkı ABŞ rəsmiləri “işğal” ifadəsini rəsmən işlədirlər və indi biz bunu leqal müstəviyə keçirmək üzərində işləyirik. Biz Strateji Tərəfdaşlıq xartiyası üzərində işləyirik və yaxın gələcəkdə Vaşinqtonda yeni görüşümüz olacaq.. Ümumilikdə, şikayət etməyə əsas yoxdur. Eyni bəyanatlar verildi. İqtisadi böhranın təsirlərinə görə, ABŞ administrasiyası indi daha çox daxili siyasət məsələlərilə məşğul olur. Bu, həqiqətdir. Bununla belə,fikrimcə, biz regionda yaxşı mövqe tuturuq və bizim münasibətlərimiz də yaxşı inkişaf edir. Daha çox tərəqqi etmiş Gürcüstan ABŞ üçün daha uğurlu tərəfdaş deməkdir və bu fikrə tərəfdar olanların Gürcüstanı dəstəkləməməsi çətin olardı. Bu, o demək deyil ki, mən bu arzunu görürəm. Müvəffəq ölkəni dəstəkləmək daha asandır və fikrimcə, biz düz yoldayıq.