Post-sovet insanlarının Nyu-York təəssüratları

Your browser doesn’t support HTML5

Bruklinin cənubunda yerləşən Brayton məhəlləsində çoxları rusca danışır. Mağazaların adları, reklam lövhələri və elanlar da sabiq sovet xalqlarının ortaq dili olan rus dilindədir. Bu o deməkdir ki, Sovet insanları Nyu-York-da yaşaya bilmək üçün “amerikanlaşmayıb”, öz mədəniyyətini bu məkana gətirib və tamamən evində oturub yaşadığı kimi yaşayır. Köhnə “Stalinkalar” da eynidir, taciklərdən aldıqları təndir çörəyi də.

Sabiq sovet insanlarının Braytona köçü 1970-ci illərdən etibarən başlayıb. O dövrdə məhəlləyə “İkinci Odessa” adı verilib. Bu gün Brayton rayonunda onlarla restoran, teatr, ərzaq dükanı və ya kitab mağazası rus dilində fəaliyyət göstərir.

Sovet İttifaqından Amerikaya köçən insanlar öz dilindən, mədəniyyətindən və ya mentalitetindən qaçmır. Bu səbəblə də yeni ölkədə bəzi vərdişlərini olduqları kimi qoruyub saxlaya biliblər.

Bu fakt bu gün Amerikaya köçən böyük imiqrant kütləsinin işini olduqca asanlaşdırıb. Amerikada təkcə rus dilini bilərək həm çörək ala bilərsən, həm də həkimə gedib müalicə ala bilərsən. Hətta rusların dükanında iş də tapa bilərsən.

Amma sabiq SSRİ-dən Amerikaya köçən mühacirlərin heç də hamısı Brayton dünyasında qalmayıb. İçlərində əsl nyu-yorklu olmağa can atan proqressiv gənclik də olub. Həmsöhbətimiz özbəkistanlı diş həkimi Anatoliy Bartov Amerikadan öncə Özbəkistanda, Rusiyada və İsraildə yaşayıb. Söhbət zamanı o, Amerikanın daha öncə yaşadığı ölkələrə bənzəmədiyini söylədi:

"Nyu-Yorkda həyat həddən artıq sürətlə axır. Hamı həmişə harasa tələsir. İnsanlar çox fərqli mentalitetlərə sahibdir. Şərqi Avropa, Afrika mentalitetləri burada birləşir. Mən bu qədər fərqli insanın içində yaşadığım üçün özümü çox bəxtəvər hiss edirəm."

Digər həmsöhbətimiz Ukraynalı kosmetoloq Lena, bizə öz Brayton-dan kənar Nyu-York təəssüratlarını haqda danışdı:

"Artıq 19 ildir ki, Nyu-Yorkda yaşayıram. Bura köçdüyüm üçün heç vaxt peşman olmamışam. Nyu-York həqiqətən də imkanlar şəhəridir və çox gözəldir. Düşünürəm ki, Nyu-Yorkda hər kəs həyata sifirdan başlayıb uğur qazana bilər. Əsas məsələ öz içindəki tənbəlliyə qalib gəlməkdir."