Poroşenko: Tramp Rusiyanın Ukraynada təcavüzü məsələsinə toxundu

Ukrayna prezidenti Petro Poroşenko ABŞ prezidenti seçilmiş Donald Trampla telefon söhbəti zmanı “Rusiya təcavüzü və Krımın qeyri-qanuni ilhaqı” məsələlərinin müzakirə edildiyini bildirib.

Brüsseldə Avropa Şurasının sədri Donald Task və Avropa Komissiyasının başçısı Jan Klod Yunkerlə birgə mətbuat konfransında danışan Poroşenko “Trampa Ukraynanın şərqinqə və Krımda baş verən hadisələrlə bağlı ətraflı məlumat vermək imkanı" olduğunu deyib.

Ukrayna prezidenti Petro Poroşenko Avropa Şurasının prezidenti Donald Taskla Brüsseldə Avropa İttifaqı-Ukrayna sammitinin sonunda məbuat konfransı zamanı

Ukrayna lideri həmçinin bildirib ki, ABŞ-ın hər iki siyasi partiyası, Konqres, həm respublikaçı, həm də demokrat siyasətçilər onun ölkəsinə güclü dəstək göstərir və o bu məsələdə əsaslı dəyişikliklərin olacağını gözləmir.

Trampın seçki kampaniyası zamanı verdiyi açıqlamalar onun qələbə çaldığı halda Rusiya ilə münasibətləri Ukraynanın hesabına yaxşılaşdıra biləcəyi ilə bağlı narahatlıqlara yol açmışdı. Tramp dəfələrlə prezident Putin haqda yüksək fikirlər söyləyib və demokrat namizəd Hillari Klintonu Putin haqda mənfi fikirlərinə görə tənqid edib.

Trampın qələbəsindən bir neçə gün sonra Kreml bildirib ki, Putinlə telefon söhbəti zamanı onlar münasibətlərin bugünkü durumunun “qənaətbəxş” olmadığını deyib və münasibətlərin yaxşılaşdırılması məsələsi üzərində işləmək haqda razılıq əldə edib.

Trampın mətbuat xidməti isə telefon söhbəti haqda verdiyi açıqlamada bildirib ki, Putin yeni seçilmiş prezidenti təbrik etmək üçün zəng edib və Tramp Rusiya və onun xalqı ilə daha möhkəm əlaqələrin qurulmasına ümid bəslədiyini ifadə edib.

NATO-nun baş katibi Yens Stoltenberq

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Oksford universitetində çıxışı zamanı keçən həftə telefon söhbəti zamanı Trampın qərbin hərbi alyansına güclü dəstək verdiyini bildirib.

“Birləşmiş Ştatlar NATO-ya sadiq qalmağa davam edəcək. Məsələ təkcə onda deyil ki prezident seçilmiş Donald Tramp NATO-ya və alyansın üzvləri kimi bizim hamımızın üzərinə düşən öhdəliklərə açıq dəstək bildirib. Mən özüm buna tam əminliklə inanıram ki, güclü NATO təkcə Avropa üçün əlverişli deyil. Bu həm də bizim təhlükəsizliyimizin məhək daşıdır və Birləşmiş Ştatlar üçün də əlverişlidir”-deyə Stoltenberq bildirib.

Seçki kampaniyası dövrü Tramp ABŞ-ın NATO-da rolu məsələsinin yenidən nəzərdən keçirilməli olduğunu və Amerikanın alyansda əsas yükü öz üzərinə götürdüyünü demiş, hətta NATO-nu “köhnəlmiş qurum” adlandırmışdı.