Roma Papası Frensis və Allahşükür Paşazadə görüşüb

Bu gün, yanvarın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Frensisin təkbətək görüşü olub. Görüş Vatikanda baş tutub.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, təkbətək görüşdən sonra Papa Azərbaycanın dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete iştirak edib.

Roma Katolik Kilsəsinin başçısı Papa Frensisin rəsmi dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 12-dən Vatikanda səfərdədir. Səfər yanvarın 17-dək davam edəcək.