Pompeo Rusiyaya yola düşüb

Gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün dövlət katibi Mayk Pompeo Moskvaya yola düşüb. Pompeonun danışıq gündəliyində silahlara nəzarət, Şimali Koreya, Ukrayna, Venesuela və Rusiyanın ABŞ seçkisinə müdaxiləsi məsələləri olacaq.

Bu, ABŞ və Rusiya rəsmiləri arasında 2018-ci ilin iyulundan bəri ən yüksək səviyyədə ilk görüş olacaq.

Daha əvvəl Ağ Evin Putinlə Tramp arasında daha bir görüş təşkil etməyə çalışdığı barədə şayiələr dolaşırdı.

İki prezident bundan bir həftə əvvəl telefonla danışıb və həm Kreml, həm də Ağ Ev söhbətin yüksək səviyyədə keçdiyini bildiriblər.

Ağ Ev bildirib ki, iki lider xüsusi prokuror Robert Müllerin bu yaxınlarda başa çatmış təhqiqatı məsələsini müzakirə edib.

Truamp bu söhbət zamanı əvvəllər dəfələrlə olduğu kimi deyib ki, bu təhqiqat “Rusiya uydurması” idi. Lakin ABŞ kəşfiyyatının qiymətləndirməsi bunun tam əksini göstərir.

Moskva təsdiq edib ki, Pompeo Rusiyaya səfər edəcək, lakin dövlət katibinin bu səfərinin təfərrüatları barədə əlavə məlumat verilməyib.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərindən biri mayın 10-da deyib ki, Pompeo mayın 13-də əvvəlcə Moskvaya səfər edəcək və burada ABŞ səfirliyinin heyəti ilə görüşəcək.

Onun habelə Rusiyadakı ABŞ biznes icması ilə görüşü də nəzərdə tutulub. Tanınmış investor Maykl Kalvinin Moskvada hay-küylü həbsindən sonra bu icmanı narahat edən məsələlər var.

Adının çəkilməsini istəməyən rəsmi deyib ki, bundan sonra Pompeo mayın 14-də Putin və xarici işlər naziri Sergei Lavrovla görüşmək üçün Soçiyə yollanacaq.

Rəsmi deyib ki, “bizim Rusiyaya dair siyasətimizin başlanğıc nöqtəsi açıq desək, Rusiyanın qlobal səhnədəki bir sıra aqressiv və pozucu hərəkətlərinin Moskvaya xatırladılmasıdır”.

Rəsmi bunu da bildirib ki, Pompeonun səfərinin məqsədi bu mövqeyi bir daha xatırlatmaq və “Moskvadan gözləntilərin nə olduğunu Rusiya rəhbərliyinə çatdırmaqdır”.