ABŞ dövlət katibi Mayk Pompeo bu gün Birləşmiş Ştatların İranla bağlı strategiyasını açıqlayıb. O, ötən ay bu posta gəldikdən sonra ilk böyük çıxışını edib.
Pompeo İranla yeni nüvə sazişinə nail olmaq üçün “diplomatik yol xəritəsi” açıqlayıb. O, Vaşinqtondakı mühafizəkar Heritage Fondunda çıxış edib.
Sanksiyalarımız tam qüvvəyə mindikdə, İran yalnız iqtisadiyyatını canlı saxlamaq üçün döyüşəcək
Dövlət Departamenti rəsmisinin ötən həftə bildirdiyinə görə, yeni yanaşma “İranın hədələrini bütövlükdə həll edəcək çərçivə”nin yaradılmasın nəzərdə tutacaq.
Yeni sazişə əsasən İran nüvə fəaliyyətlərindən tamamilə əl çəkməli, ballistik raket proqramına son qoymalıdır. Pompeo Tehranın Yaxın Şərqdə sabitsizləşdirici fəaliyyətlərinin dayandırmalı olduğunu qeyd edib.
"İran kursunu dəyişməsə misilsiz bir maliyyə təzyiqi ilə üzləşəcək" , Pompeo vurğulayıb.
"Tarixdə ən ağır sanksiyalar tətbiq edilmiş olacaq. İran rejimi illərdir Yaxın Şərqdə döyüşlər aparır. Sanksiyalarımız tam qüvvəyə mindikdə, İran yalnız iqtisadiyyatını canlı saxlamaq üçün döyüşəcək"- deyə, ABŞ-ın dövlət katibi əlavə edib.
Tramp nüvə sazişindən çıxdığını, İrana iqtisadi sanksiyaların bərpa olunacağını mayın 8-də açıqlayıb.
Sənədi imzalamış digər ölkələrsə ona sadiqliklərini dilə gətirib.