Polis son günlər fəalları bölməyə niyə çağırır? [Rəylər]

"Müxalifətin aksiyası"- Gündüz Ağayev

Son bir neçə gündə müxalifət partiyalarının üzvləri, siyasi fəallar polis bölməsinə çağırılmaqdadır. Onlara bölmədə siyasi mənsubiyyətlərindən tutmuş Bakının Binəqədi rayonundakı oğurluq hadisələrində əlaqələri olub-olmamasına qədər müxtəlif suallar veriblər.

Gənc fəala oğurluqla bağlı sual verilib

Martın 7-də gənc fəal, araşdırmaçı jurnalist Xədicə İsmayılın bacısı qızı Elmira Rəhimova polisə çağırılıb. Bir saatadək sorğu-sual edilən Elmira Rəhimovaya polisdə oğurluq hadisələri və ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar ünvanlayıblar. Bu haqda Xədicə İsmayıl bildirib.

Elmira Rəhimova və Xədicə İsmayıl ( Foto Elmira Rəhimovanın Facebook səhifəsindən götürülüb)

Sosial şəbəkələrdə buna müxtəlif reaksiyalar verilir. Məsələn, bəziləri deməyə söz tapmadığını, heyrətləndiyini deyirsə, bəziləri də baş verənləri zarafatla qarşılayırlar. Fuad Hacıyev yazır: “Oğurluq nəydi? Özü də bütün şübhəlilərdən siyasi mənsubiyyətlərini soruşurlar? Utanmasan oynamağa nə var ki?..”

Xəyal Əzizovun reaksiyası belədir: “Mustafa Hacıbəyliyə də deyiblər ki, lotu Quli ilə əlaqən yoxdur? Adam deməyə söz tapmır”.

Bununla bağlı polisdən izahat almaq mümkün olmayıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosu-nun əməkdaşına məlumatı dəqiqləşdirdikdən sonra danışa biləcəyini desə də, sonradan zənglərə cavab verməyib. Xidmətin başqa əməkdaşı Orxan Mənsurzadə isə bununla bağlı Bakı Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Ariflə danışmağı məsləhət görüb. O isə “Polis” qəzetinin redaktoru olduğunu, bu barədə danışmağa səlahiyyətli olmadığını bildirib.

“Bu insanların oğurluqla nə əlaqəsi olasıdır ki?

“Bundan da gülünc və ya heyrət doğuran səbəblərlə insanları çağırıb polisdə söhbət ediblər. Əvvəlki aksiyalar zamanı vətəndaşlardan niyə etiraz aksiyalarına getmək istədiklərini soruşurlarmış, iş problemləri varsa həll edəcəklərini vəd verirlərmiş. Buna anlam vermək çətindir”, – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli siyasi fəallara polis idarəsində oğurluqla bağlı suallar verilməsindən danışarkən belə deyir: “Polisin sorğu-sual etdiyi insanlar ictimai-siyasi fəallardır. Tutalım, Mustafa Hacıbəyli Müsavat Partiyasının funksioneridir, “Bastainfo” saytının rəhbəridir. Elmira Rəhimova gənc fəallardandır. Bu şəxslərin oğurluqla nə əlaqəsi olasıdır ki? Bu qədər təsadüf ola bilməz. Məqsəd aydındır”.

Anar Məmmədli deyir ki, bu, siyasi göstəriş əsasında atılan addımdır, məqsəd insanları martın 10-dakı mitinqdə iştirakdan çəkindirməkdir.

Yeri düşmüşkən, Müsavat Partiyası bildirir ki, son iki gündə onun 20-dən çox üzvü polisdə sorğu-sual edilib. Qurumun Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə həm martın 6-da, həm də 7-də polisə çağrılıb. O, bir gün öncə Binəqədi rayon Polis İdarəsinə aparılaraq hədələndiyini demişdi. Partiya da yaydığı bəyanatda bu addımı Milli Şuranın və Müsavatın martın 10-da keçirəcəyi mitinqlə bağlamışdı.

Əli Kərimli: Mitinqdən sonra danışacağıq”

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli onların üzvlərinə də mitinq öncəsi basqılar olduğunu söyləyir.

Əli Kərimli

“Mitinq təşkilatçılarına təzyiqlər təzə xəbər deyil. Bizim 2017-ci ildə keçirdiyimiz bütün mitinqlərdə belə təzyiqlər olub. İndi də var. Biz daha ətraflı mitinqdən sonra məlumat verəcəyik”, AXCP sədri bildirir. Bəs niyə mitinqdən sonra? Bu haqda az sonra.

“General dedi: “Müxalifətçilərin polisə çağırılmasının mitinqlə heç bir əlaqəsi yoxdur”

Martın 7-də polis idarəsinə çağırılan Gülağa Aslanlı AzadlıqRadiosu-na deyir ki, onu Bakı şəhər Baş Polis İdarəsinin rəis əvəzi, general Elxan Həsənov qəbul edib. Aparat rəhbərinin sözlərinə görə, Həsənov “Müxalifətçilərin polisə çağırılmasının mitinqlə heç bir əlaqəsi yoxdur” söyləyib:

Onun danışığından belə məlum oldu ki, dünən polis idarəsinə çağırılan müxalifətçilərlə mahiyyət üzrə söhbət aparılmayıb, polis işçiləri öz səlahiyyətlərini aşıblar, bəzi yerlərdə isə kobud rəftar ediblər. Generalın dediyinə görə, onlara başqa tapşırıq verilibmiş, bu da xaricdə yaşayan bəzi insanların ləyaqətini təhqir edən videogörüntülərin, yazışmaların yayılması ilə bağlı olub. Guya polislər müxalifətçilərlə danışıb bu videoların yayılmasının qarşısını almalarını istəməliymişlər, amma polis işçiləri məsələnin mahiyyətini başa düşməyiblər. Belə…”

Gülağa Aslanlı

Gülağa Aslanlının sözlərinə görə, söhbət zamanı o da polis bölmələrinə aparılan şəxslərlə kobud rəftar olunduğundan, təhqir və təhdid edilmələrindən şikayətlənib:. “Onların üzərinə şər, böhtan atıblar. Oğurluqda ittiham ediblər, dövlətin əleyhinə çıxdıqlarını deyiblər”.

“Geri çəkildilər

Müsavatçı generalın izahatına rəğmən əmindir ki, müxalifətçilərin polisə çağırılmasında məqsəd mitinqlərin kütləviliyinin qarşısını almaq olub, səbəbini də müsavatçılardan ilk növbədə “niyə dövlətin əleyhinə gedirsiniz, niyə mitinq edirsiz” suallarının verilməsi ilə izah edir. Amma hakimiyyətin “geri çəkildiyini” düşünür, “polisin davranışı sosial şəbəkə və KİV-lərdə yayıldı, müzakirə edildi deyə qərarlarını dəyişdilər” deyir və əlavə edir: “O generalın danışığında mən səmimiyyət hiss etdim”.

Mehman Əliyev: Primitiv addımlardır”

“Polis əslində, fəalları bölməyə çağırmamalıdır. Çağırırsa, bu, insanlara psixoloji təzyiqdir. Bununla bağlı mətbuatda, sosial şəbəkələrdə məlumatlar yayılır, müxalifətçilərin polisə çağırıldığı müzakirə edilir və cəmiyyət bunu təzyiq kimi görür. Mitinqin nəzarətdə olması haqda təəssürat yaradılır. Bu da ona hesablanır ki, cəmiyyətdə psixoloji baryer yaransın, vətəndaşlar mitinqə getməsin”, – “Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev baş verənləri belə izah edir. “Bu, mitinqdə kütləviliyi önləmək, vətəndaşların iştirakını zəiflətmək üçün atılan primitiv addımlardır”.

Mehman Əliyev

Əli Kərimli: Narahatlıq yaradır

AXCP sədri Əli Kərimli də cəmiyyətdə gərginlik, qorxu yaratmamaq məqsədilə mitinq öncəsi müxalifət fəallarının polis idarəsinə çağrılması haqda danışmağı düzgün saymır:

“Hökumətin məqsədi təşkilatçıları həbs etməklə digərlərini qorxutmaqdır. Biz də təşkilatçı olaraq o fədakarlığı üzərimizə götürürük. Belə təzyiqlər olacağını bilirik. Amma mitinqdən öncə bunu paylaşmırıq. Onsuz da əsas hədəf təşkilatçılardır, sıravi iştirakçılarla işləri yoxdur. Bu məlumatların yayılması adamlarda narahatlıq yaradır”.

Gülağa Aslanlı isə hesab edir ki, bugünkü görüş haqda məlumat qorxu xofu yaratmır, əksinə, onların səhvlərini etiraf etdiklərini göstərir.

Mehman Əliyevsə “xofu yaradan hakimiyyətdir, onun nəzarətindəki saytlar, resurslardır” deyir və əlavə edir ki, qarşı tərəf də susmamalıdır.

Yeri gəlmişkən, bugünlərdə parlamentdə çıxış edən deputat Qüdrət Həsənquliyev də müxalifətin mitinqinin seçki qanunvericiliyinin tələblərini pozduğunu qeyd edib.

Martın 7-də Bakı şəhər icra hakimiyyəti müxalifətin martın 10-da birgə mitinqinə icazə verib.

Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Onlar seçki öncəsi kütləvi aksiyalar keçirməyi planlaşdırırlar.