Polis 16 tona yaxın narkotik bitkini dövriyyədən çıxarıb

Azərbaycanda polis kultivasiya yolu ilə becərilən 16 tona yaxın narkotik bitkini aşkar edərək dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyasını aşkarlayıb.

Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıb. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7380 ədəd çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub.

Həmçinin Sabunçu rayonu Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 ton 573 kiloqram çəkidə 4676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib.

Ümumilikdə 15 ton 700 kiloqram çəkidə 12 min 56 ədəd çətənə kolu, eləcə də 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslərin ailə üzvləri və ya vəkilləri Daxili İşlər Nazirliyinin məlumatına hələ münasibət bildirməyib.