Fəal və jurnalistlərə qarşı polis zorakılığı haqda şikayətlərin xronologiyası

14 may 2022-ci il tarixində Bakının Fəvvarələr meydanında “Kriminal dövlət istəmirik!” tələbi ilə aksiya keçiriləcəyi gözlənilir. Yürüş təşkilatçıları aksiyanın polis zorakılığına qarşı edildiyini deyir. Daxili İşlər Nazirliyindən sanksiyalaşdırılmayan istənilən aksiyanın qarşısının alınacağı bildirilib.

Təşkilatçılara bu aksiyaya zərurətin haradan yarandığı haqda sual ünvanlamışdıq. Onlar son dövrdə fəallar və jurnalistlərin məruz qaldğı zorakılıqların olduğunu və bu hadisələrin eyni tendensiyanın davamı olduğunu bildirirlər.

14 may yürüşü təşkilatçılarının qeyd edikləri son aylar ərzində polis zorakılığı ilə bağlı şikayətlərin xronologiyası dolğun təsəvvür əldə etməkdə yardımçı ola bilər:

4 avqust, 2021

Feminist fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında “Sevincin qatili dövlətdir!” şüarı ilə aksiya keçirir. Aksiyaçılar polis idarəsinin binasının giriş qapısına qan rəmzi olan qırmızı rəngli maye atırlar. Feminist fəallar Gülnara Mehdiyeva, Sevgi İsmayılbəyli, Nərmin Şahmarzadə, jurnalistlər Nərgiz Absalamova, Ülviyyə Quliyeva və Elnarə Qasımova polis idarəsində zorakılığa məruz qaldıqlarını bildirirlər. Amerikanın Səsinin əməkdaşı Ülviyyə Quliyevanın kamerasına xəsarət yetirilir.

6 avqust, 2021

Heyvan haqları müdafiəçiləri "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin itləri öldürməsinə son qoyulması tələbi ilə şəhərin mərkəzində yürüş keçirməyə cəhd edir. Aksiyada Nicat İsmayılov, Elxan Mirzəyev, Nicat Azayev, Elmir Abbasov və Kamran Məmmədli saxlanılır. Etirazçılar saxlanılan zaman polis tərəfindən onlara xəsarət yetirildiyini bildirir.

5 oktyabr, 2021

Jurnalist Anar Abdulla Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən İlham Əliyevə ünvanlanmış şərh yazdığına görə həbs olunur. O, zorakılığa məruz qaldığını bildirir. Daha sonra Anar Abdullaya 15 sutka inzibati həbs cəzası verilir.

13 oktyabr, 2021

İctimai fəallar Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Samir Axundzadə, Elmir Abbasov, Əli Mahmudlu və Fərid İmanov YAP-ın binasının önündə aksiya edərkən zorakılıqla saxlanılırlar. Rüstəm İsmayılbəyli polis tərəfindən zorakılığa məruz qaldığını, nəfəs ala bilmədiyini yazır. Digər aksiya iştirakçısı Elmir Abbasova Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilir.

19 oktyabr, 2021

Feminist fəal Gülnara Mehdiyeva Sənay Yağmurun cinsi təcavüzə məruz qalması ilə bağlı aidiyyəti qurumların hərəkətsizliyinə etiraz olaraq Prezident Administrasiyasının önündə aksiya keçirirkən zorakılıqla saxlanıldığını bildirir.

30 noyabr, 2021

Heyvan haqları fəalı Kamran Məmmədli Bakı Zooloji Parkının önündə aksiya keçirir. O, polis tərəfindən zorakılıqla saxlanıldığını bildirir.

1 dekabr, 2021

1 dekabr – Tofiq Yaqublu “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən aksiyada saxlanılır. O, xəsarət almış üzünun fotosunu paylaşır və polis tərəfindən döyüldüyünü yazır. Aksiyanın digər iştirakçısı AXCP üzvü Paşa Dadaşzadənin sağ qolunun sındırıldığı bildirilir.

28 dekabr, 2021

Nərgiz Absalamova müstəqil jurnalistlərin Milli Məclis önündə Media haqqında yeni qanun layihəsinə etiraz edirkən polis zorakılığına məruz qaldığını və büzdüm sümüyünün sındığını bildirir.

8 fevral, 2022

İctimai fəal Fuad İsmayılov Türkiyə bayrağını saxlayan ipi kəsdiyinə görə saxlanılır. O, polis bölməsində döyüldüyünü, zərbələrdən qulağının pərdəsinin cırıldığını deyir. Fuad İsmayılova Nizami rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilir.

15 fevral, 2022

Reportyor Teymur Kərimov Prezident Administrasiyanın önündə çəkiliş edərkən XDMX əməkdaşları tərəfindən qoluna xəsarət yetirildiyini bildirir.

9 mart, 2022

İctimai fəal Bəxtiyar Hacıyev maşınına "Vilayət Eyvazov, cinayətkarı zərərçəkən, zərərçəkəni təqsirləndirilən tanımaqdan utan" şüarı yapışdıraraq Daxili İşlər Nazirliyinin önünə yollanır. O, polis əməkdaşlarının maşınının şüşəsini sındırdığını, daha sonra isə Baş Polis İdarəsində zorakılığa məruz qaldığını, təhdid və təhqir olunduğunu bildirir.

20 aprel, 2022

Almaniyadan deportasiya olunan fəal Samir Aşurov saxlanılır. Həyat yoldaşına 33-cü polis bölməsindən deyilir ki, Samir Aşurov Elşən Nəbiyevi bıçaqladığı üçün saxlanılıb. Aşurov polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirir.

21 aprel, 2022

İctimai fəal Bəxtiyar Hacıyev naməlum şəxslər tərəfindən işgəncəyə məruz qaldığını, Facebook-da daxili işlər naziri Vilayət Eyvazovla bağlı yazdığı statusları silindiyindən sonra sərbəst buraxıldığını bildirir. O, bu işin arxasında Daxili İşlər Nazirliyinin olduğunu deyir.

9 may, 2022

Jurnalist Aytən Məmmədovaya yaşadığı binanın liftində bıçaqla hədələnir. Jurnalist bu hədənin ən çox ictimailəşdirdiyi İlkin Süleymanovun məhkəmə işi ilə bağlı olduğunu güman edir.