Polşa Rusiya ilə sərhəddə tikanlı məftil hasarın tikintisinə başlayır

Polşa müdafiə naziri Mariuş Blaşakın dediyinə görə, Rusiya ilə sərhəddə hündürlüyü iki metr yarım olan tikanlı məftil hasarın tikintisinə başlayır.

"Kalininqrad hava limanının Yaxın Şərq və Afrikadan uçuşlara açıq olması ilə əlaqədar sərhədin təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər görmək qərarına gəldim. Bu gün Polşa ilə Kalininqrad vilayəti sərhədində müvəqqəti hasarın çəkilməsinə başlanılacaq" - deyə, Blaşak bildirib.

Onun sözlərinə görə, sərhəddəki sistem üç sıra hasardan ibarət olacaq.

"Biz hasarı mümkün qədər tez çəkmək üçün addımlar atmışıq. Oraya lazım olan qədər əsgər yerləşdiriləcək", rəsmi deyib.

Bundan əvvəl Estoniya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhədin qorunan ərazini 10 metrdən 300 metrə qədər genişləndirilməsi ilə bağlı planlarını açıqlamışdı. Sərhəd və Miqrasiya Siyasəti şöbəsinin rəhbəri Janek Myaqinin bildirdiyinə görə, bu zonada əlavə infrastruktur obyektləri tikiləcək və onlar da kameralar tərəfindən izləniləcək.

Avqustun 18-dən etibarən Estoniya hökuməti respublika tərəfindən Şengen vizası verilən Rusiya vətəndaşlarına sərhədlərini bağlayıb.

Sentyabrın 19-dan isə Estoniya, Latviya, Litva və Polşa Rusiya vətəndaşlarının ölkələrinə girişinə qadağa qoyub. Sentyabrın 30-da Finlandiya ruslar üçün girişi bağlayıb. Helsinki Rusiya ilə sərhəddə hasar çəkəcəyini açıqlayıb.

Yanvar ayındakı miqrant böhranı fonunda Polşa Belarusla sərhəddə hündürlüyü beş metr yarım və uzunluğu 186 kilometr olan möhkəmləndirilmiş sədlər tikməyə başlayıb. Layihənin dəyəri 353 milyon avro olaraq qiymətləndirilib. İstehkam bir neçə müdafiə xəttindən ibarətdir və müasir elektron cihazlarla, xüsusi hərəkət sensorları və gecə-gündüz görüntü kameraları ilə təchiz edilib.

Litva Belarusla sərhəddə də analoji hasar çəkir. 500 kilometrlik divarın tikintisinə 152 milyon avro ayrılıb. Sərhəddə tikanlı məftil və video-müşahidə qurğularının quraşdırılması da nəzərdə tutulub.