Polad Bülbüloğlu: Sabah Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcəyik [Video]

Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı səfiri “Dojd” telekanalına müsahibə verib
“Baş verənlər mənim üçün iki fərqli tarixdir. Birincisi, baş verən qətl, ikincisi isə meyvə-tərəvəz bazası ilə başlanan olaylar. Bütün baş verənlər Rusiya KİV-ləri tərəfindən isterika vəziyyətinə gətirilib çıxarılıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Dojd” telekanalına müsahibəsində deyib.


Səfir qətlə yetirilən Yeqor Şerbakovun ailəsinə və yaxınlarına başsağlığı verib.

“Təəssüflər olsun ki, bu olayla hansısa azərbaycanlının əlaqəsi var. Azərbaycan vətəndaşının bu işdə günahının olub-olmamasını məhkəmə müəyyən edəcək. Məhkəməyə qədər baş verənlər, yazılanlar hamısı mənasız şeylərdir. Hazırda bizdə iş günü deyil. İki gün Qurban bayramı ilə əlaqədar iş günü deyildi.



Biz sabah Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcəyik, konsul dəstəyi tələb edəcəyik
Biz sabah Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcəyik, konsul dəstəyi tələb edəcəyik. Qətldə şübhəli bilinən şəxs vəkillə və lazım olduğu təqdirdə tərcüməçi ilə təmin olunmalıdır”.

P. Bülbüloğlu qeyd edib ki, səfirlik bu hadisədən xəbər tutan kimi Azərbaycanın Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Rusiya hüquq-mühafizə orqanlarını dərhal lazımi informasiyalarla təmin edib.

“Hətta o da Rusiya hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb k, qətldə şübhəli bilinən şəxs Azərbaycan vətəndaşı olduğundan Azərbaycana gedəcəyi təqdirdə, bütün lazımi tədbirlər görüləcək.

Qətldə şübhəli bilinən şəxs Azərbaycanda axtarışda olmayıb.
Qeyd etmək istəyirəm ki, qətldə şübhəli bilinən şəxs Azərbaycanda axtarışda olmayıb. Onun güya Azərbaycanda da qətl törətdiyi və axtarışda olması haqda infomasiya tamamilə yanlışdır”.

Səfir Polad Bülbüloğlu Orxan Zeynalovun həbsi zaman Rusiya telekanallarında yayımlanan videogörüntülərə də münasibət bildirib. Səfir bunun xoşagəlməz hal olduğunu söyləyib. “Bu, məhkəmə-hüquq qaydaları kodeksinin pozulması deməkdir. Bütün hüquq müdafiəçiləri internetdə yazır ki, baş verənlər insan hüquqlarının pozulmasıdır. O, xarici ölkə vətəndaşıdır.

Ona lazımi qaydada münasibət olmalıydı. Hər şeydən əvvəl ona konsul dəstəyi göstərilməli idi, vəkil və tərcüməçi ilə təmin olunmalı idi. Əgər həmin insan günahkardırsa, qanun çərçivəsində layiqli cəzasını almalıdır”.

P. Bülbüloğlu bu qətlin məişət zəminində baş verdiyini vurğulayıb: “Moksvada və dünyanın bir çox meqapolislərində hər gün bu cür qətllər baş verir. Bu nadir hallarda baş verən hadisə deyil.

Baxın görün, bu hadisənin ətrafında hansı isterikanı düzəltdilər. Bildirmək istəyirəm ki, bu gün Moskvada Azərbaycan vətəndaşını öldürüblər.

1986-cı il təvəllüdlü Qaraxanlı Ruslan Arif oğlunun cəsədi bir dayanacaqdan tapılıb. Heç kim heç nə bilmir. Bu baş verən hadisəyə cavab olub, ya yox... Milli zəmində baş verən qətllər isə, əskinə, nadir hadisə olur.

İnsanı dərisinin rənginə, milliyyətinə görə öldürürlər. Bax, bu nadir hadisədir. 2012-ci ildə Moskvada Mətin Mehdiyev adlı bir azərbaycanlı gəncimizi öldürdülər. Dükandan çıxarkən küçədə bıçaqlayıb öldürdülər. Biz həmin vaxt bu hadisədən isterika düzəltmədik ki?!

Bakıda 2012-ci ildə milliyətcə rus olan Boris Sergeyeviç adlı bir şəxs içkili vəziyyətdə qonşuluğunda yaşadığı azərbaycanlı Xəlilov soyadlı birisini bıçaqlayaraq qətlə yetirib. Bizim də mətbuatımız, TV-lərimiz və imkanlarımız var idi ki, xalqı ayağa qaldıraq, “rus azərbaycanlını öldürdü”, “rusları qovun ölkədən” deyək. Biz bunu eləmirdik axı...

Lakin bundan siyasi ranqda, xalqa qarşı isterika yaratmaqda istifadə etmək bumeranq kimi bir şeydi
“Demək istəyirəm ki, belə məşiət zəminində baş verən hadisələr hər zaman olub, olur və olacaq. Lakin bundan siyasi ranqda, xalqa qarşı isterika yaratmaqda istifadə etmək bumeranq kimi bir şeydir. Rusiya çoxmillətli, çoxkonfensiyalı ölkədir. Belə şeylər etmək olmaz”.