Polad Aslanovun həbsxanada təzyiqə məruz qaldığı deyilir

"1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan həyat yoldaşım Polad Aslanova təzyiqlər olunur. İçəridə süni şəkildə problemlər yaradılır."

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə açıqlamasında bildirib ki, Polad Aslanova süni şəkildə problem yaradırlar:

"Poladla yaxından dostluq edən kamera yoldaşını karsa salıblar, ona yemək və su keçirməyə imkan yaratmırlar. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhbusları Polad Aslanovun üzərinə qaldırıb".

Gülmirə Aslanova deyir ki, Polad Aslanova təzyiqlər AXCP sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədova dəstək verməsi ilə əlaqəlidir:

"Belə ki, Polad Aslanovun dəstək yazısı mediada da dərc olunub. İlham Əliyev Polad Aslanovdan Niyaməddin Əhmədova dəstək olmağın qisasını alır".

Jurnalistin həyat yoldaşı bildirib ki, artıq təzyiqlərlə bağlı Ombudsman Aparatına da məlumat verib:

"Deyirlər ki, siz Cəzaçəkmə Müəssisəsinə müraciət edin, əgər problem həllini tapmazsa, yenidən bizimlə əlaqə saxlayın".

Gülmirə Aslanova 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənovun qəbulunda olduğunu bildirib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəisi jurnalistə qarşı heç bir təzyiq olmadığını deyib:

"Polada tərəfimizdən heç bir təzyiq olunmayıb, məhbuslar arasında yüngül formada anlaşmazlıq yaranıb, ona görə də Poladın kamera yoldaşı 2 saatlıq "Kars" otağına salınıb".

Bu məsələ ilə bağlı Penitensiar xidmətdən şərh almaq mümkün olmayıb.

Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı təkzib edib, hüquq-mühafizə orqanlarında korrupsiya haqqında materiallar dərc etdiyinə görə cəzalandırıldığını bildirib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.