Siyasətçi və iş adamı Pol Murad Amerikaya 16 yaşında mühacirət edib və Amerika arzusunu gerçəkləşdirməyə müvəffəq olub. Əslən bakılı olan Pol Murad 2010-cu ildə Nevada ştatında vitse-qubernator seçkilərinə qatılıb və məğlub olandan sonra ştatın Daşınmaz Əmlak Komissiyasının rəhbəri təyin edilib. O, siyasi karyerasına Demokrat partiyasında başlasa da, sonradan fəaliyyətini müstəqil siyasətçi kimi davam etdirib. Pol Murad Amerikanın Səsinin “Amerika icmalı” proqramında ABŞ seçkilərinin nəticələri, Amerika arzusu və gələcək planlarından danışıb.
Amerikanın Səsi: Sizin ABŞ prezident seçkilərinin nəticələrinə reaksiyanız nə oldu?
Pol Murad: Mənim mənşəyimi və buraya gəlməyimin tarixçəsini nəzərə alsaq, yəqin ki seçki ilə bağlı xüsusi baxışlarım var deyə bilərəm. Demokrat kimi, Nevadada Demokrat partiyasının qeydiyyatdan keçmiş üzvü kimi və 10 il sürən hüquqi proses nəticəsində ABŞ vətəndaşı olmuş bir şəxs kimi mənim bu seçkidə bir seçimim var idi. Bu seçim heç bir siyasət və ideologiya ilə bağlı deyildi, nə də “mənim namizədim sizin namizəddən daha yaxşıdır” kimi fikirlərə əsaslanmırdı. Bu seçim yalnız ölkə yaradılarkən əsası qoyulmuş fundamental prinsiplər üzərində qurulub. Mən Amerika tarixini, hökumət quruluşunu xüsusi bir maraqla öyrənmişəm, çünki bu mənim yeni vətənim idi. Mən kollecdə çox yaxşı oxumuşam və bu haqda çox bilik əldə etmişəm. Ona görə mən düşünürəm ki, bu əsaslar Amerikanın monarxiya və Birləşmiş Krallıq idarəçiliyinə qarşı üsyan etməsi faktı üzərində qurulub. Onlar sülalələr əleyhinə çıxış edirdi. Belə bir siyasi proses başlamışdı ki, əvvəlki liderin oğlu, ya da qızı və yaxud da həyat yoldaşı lider ola bilməzdi. Buna görə və bəlkə də sülalə hakimiyyəti dünyanın başqa ölkələrində bu günə qədər daha adi hal oduğuna görə mən özüm üçün bu seçkidə yeganə seçim olaraq Donald Trampı görürdüm.
Amerikanın Səsi: Seçkilər zamanı mühacirət və iqtisadiyyat əsas mövzular arasında idi. Siz özünüz 2010-cu ildə Nevadada seçkili orqana seçilmək istəmisiniz. Siyasi təcrübəsi olan bir şəxs kimi indi artıq nəticələr məlum oldğu zaman sizin gözləntiləriniz nədir?
Onlar sülalələr əleyhinə çıxış edirdi. Belə bir siyasi proses başlamışdı ki, əvvəlki liderin oğlu, ya da qızı və yaxud da həyat yoldaşı lider ola bilməzdi.Pol Murad
Pol Murad: Mənim bu seçkidə yeganə seçimimim olmasının səbəblərindən biri də vəzifəyə seçilmək üçün keçdiyim təcrübə ilə bağlıdır. Demokrat olmağımdan və seçdiyim namizədlə eyni partiyadan olmadığımdam asılı olmayaraq. Mən vəzifəyə seçilmək üçün mübarizə aparmışam. Mən ömrünü siyasətlə bağlamış insanlar arasında, siyasətçiləri ruhlandıran, siyasətə yeni gələn, yaxud da qubernator, ya da ondan da yuxarı, senator, konqresmen və hətta prezident olmaq tutmaq üçün pillə-pillə yüksələn siyasətçilər arasında olmuşam. Mən onlarla görüşmüşəm və onları çox yaxından müşahidə etmişəm. Düzdür, mən establişmentə yaxın olmamışam, amma mənim qərarıma təsir göstərmək üçün onlarla kifayət qədər yaxından tanış olmuşam və belə bir qərara gəlmişəm: Amerikada biz lap başlanğıcda necə olmuşdusa elə etməliyik. O zaman millət atalarının öz biznesi, məşğuliyyəti olub və onlar ölkəyə xidmət etmək üçün bu işi buraxıb, amma sonra yenidən öz işlərinə qayıdıb. Belə deyək, 10-20 ildən sonra. Amma 30, 50, ya da 60 ildən sonra yox. İndi elə siyasətçilər var ki, onlar ömür boyu vəzifədə qalır. Bu, düzgün deyil. Bu, Amerika deyil. Vətəndaşlar ölkəyə xidmət edib sonra qayıdıb əvvəlki işləri ilə məşğul olmalıdır. Bu səbəbə görə də mənim yeganə seçimim Donald Tramp idi. O, ömür boyu vəzifədə olmayıb. O həmişə bizneslə məşğul olub, uğur əldə edib, ailə qurub və sonradan ölkəyə xidmət etmək qərarına gəlib. Demokratların məsələn, Starbacks-ın prezidenti kimi namizədi olsa idi, bu, partiyanın seçimindən daha yaxşı seçim və rəqabətə daha davamlı namizəd olardı. Mən ümid edirəm ki, bu seçki ilə ölkənin qurulduğu əsas prinsiplərə qayıtmaq kimi dinamik dəyişiklik başlayacaq. Bu da vətəndaşların vəzifəyə seçilib vəzifədən getməsindən ibarətdir.
Mən ümid edirəm ki, bu seçki ilə ölkənin qurulduğu əsas prinsiplərə qayıtmaq kimi dinamik dəyişiklik başlayacaq. Bu da vətəndaşların vəzifəyə seçilib vəzifədən getməsindən ibarətdir.Pol Murad
Seçkidə mühacirət və iş yerləri kimi məsələlərə gəldikdə mənim fikrim odur ki, iş adamlarını siyasətçilərdən fərqləndirən əsas cəhət odur ki, onlar vəzifə müddətə başa çatmağa az qalmış deyil, bu gün, indi işi görüb hiss ediləcək nəticələr əldə etmək haqda düşünür. Mənə elə gəlir ki, biz müsbət mənada böyük dəyişikliklərin, real dəyişikliklərin şahidi olacağıq. Mən 4 il və 8 il bundan əvvəl Obamanın kampaniyasına böyük inam bəsləyirdim. Amma mən o zaman hələ tam anlamamışdım ki, dəyişikliyi nə qədər təbliğ etsələr də ömrünü siyasətdə keçirən insanlar əsl dəyişiklik edə bilmir.
Amerikanın Səsi: Siz Amerikaya 16 yaşında yeniyetmə olaraq gəlmisiniz və burada Amerika arzusunu gerçəkləşdirə bilmisiniz. Bir mühacir kimi, Amerika arzusuna yetişə bilən bir müvəffəq insan kimi sizin ABŞ-a gələn gənc mühacirlərə tövsiyələriniz nə olardı?
Amma fikirləşirdim ki, qısa müddətli məhrumiyyətlər uzun müddətli uğurlara yol açır. Mən bu günə qədər bu həyat fəlsəfəsi ilə yaşayıram.Pol Murad
Pol Murad: Buraya gələn hamıya mən ilk növbədə tövsiyə edərdim ki, yaxşı təhsil alsınlar, bacardıqları qədər təhsil ala bilsinlər. Yaxşı kolleclərə getsələr daha yaxşıdır. Əgər onların istədikləri kollecə getmək imkanları yoxdursa, o zaman sinifdə hamıdan artıq işləməlidirlər. Daha çox vaxt, zəhmət və diqqət verməlidirlər. Kollecdə təhsil almalı, ya da yaşlarına uyğun olaraq məktəbə getməli, dərəcə almalıdırlar. Bununla yanaşı, kollecdən kənarda da çoxlu oxumaq lazımdır. Dünya ölkələrində və ölkə daxilində ABŞ-da baş verən hadisələrdən xəbərdar olmaq üçün qəzet və jurnalları oxumaq lazımdır. Çünki bu sizə harada olsanız biznes liderlərilə, ya da potensial işə götürən şəxslərlə söhbətlərdə üstünlük verəcək. Bu, həqiqətən də əsas şeylərdən biridir. Təkcə kollecdə əldə edilən biliklər deyil, həm də dünyada və ətrafınızda, öz icmanızdakı hadisələrlə bağlı biliklər əldə ediə bilirsiniz. Bundan başqa mənim özümün əməl etməyə çalışdığım işlərdən biri işin icrası, sona çatdırılması və yenidən təkrar yoxlanmasıdır. İnsanların 100 faizi işlərini sona çatdırmaq istəyir. Amma onların çox az hissəsi, mən deyərdim, 5 faizi işi yerinə yetirir, ya da işin icrasına diqqət yetirir, yoxlayır. Çünki bu, sadəcə bir cəhddən daha çox vaxt tələb edir. İstər təhsil olsun, istərsə biznes, ya da hər hansı bir başqa fəaliyyət növü olsun əgər başqlarından daha müvəffəq olmaq istəyirsinizsə, o zaman başqalarından daha artıq səy göstərməlisiniz. Amma təbii ki nələrdənsə özünüzü məhrum etməli olacaqsınız. 16 yaşımdan 20 yaşlarıma qədər nələri isə qurban verməli olurdum. Amma fikirləşirdim ki, qısa müddətli məhrumiyyətlər uzun müddətli uğurlara yol açır. Mən bu günə qədər bu həyat fəlsəfəsi ilə yaşayıram.
Amerikanın Səsi: Pol Murad, bir siyasətçi və iş adamı kimi gələcək planlarınız haqda nə deyə bilərsiniz?
Pol Murad: Mən tam yəqinliklə siyasətçi deyiləm. Məni yaxşı siyasi təcrübəsi olan şəxs adlandırmaq daha düzgün olardı. Nevadada olduğum müddətdə ştata xidmət etmək məqsədilə vəzifəyə seçilmək üçün mübarizə aparmışam. Hələlik heç bir siyasi planım yoxdur. Mən bizneslə məşğul oluram və daşınmaz əmlak sektorunda işimi davam etdirmək fikrindəyəm. Las Veqas şəhərinin mərkəzində yenidənqurma və inşa layihələri ilə məşğul oluram, şəhərin tranformasiyasına çalışıram və dəyişiklik yaradıram. Bu, mənim sevdiyim işdir. Gələcəkdə vaxt və enerji, eləcə də səbir olsa, o zaman vəzifəyə seçilmək haqda düşünmək olar. Mən bunu edərdim. Amma yenə də deyirəm, bunu ölkəyə xidmət naminə edib dəyişiklik yaradıb, sonradan siə yenidən biznesə qayıdardım. Çünki siyasət biznes deyil, siyasət karyera deyil, kiminsə həyatı deyil və belə olmamalıdır. Və mən ümid edirəm ki, bu seçkilər seçicilərin seçimi perspektivindən və siyasi landşaftın necə olacağı baxımından dəyişiklik yaradacaq.