Avropa İnsan Hüquqları Məhkəməsi 2003-cü il prezident seçkilərinin nəticələrinə etiraz məqsədi ilə aksiyalar keçirilən zaman həbs edilmiş dörd müxalifət fəalının şikayətini təmin edib. Məhkəmənin qərarına görə, Azərbaycan dövləti müxalifət fəallarının hər birinə 10 min avro kompensasiya ödəməlidir. Məhkəmənin qərarı ilə həbsi əsassız sayılan müxalifət fəallarından biri də Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyndir. O Amerikanın Səsi radiosuna müsahibəsində məhkəmənin qərarına münasibət bildirib.
Sual: Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını necə qiymətləndirirsiniz?
Cavab: Gec də olsa, Azərbaycan məhkəmələrinin 2003-cü il 16 oktyabr hadisələri ilə bağlı çıxardığı hökmlərin qanunsuz və haqsız olduğu təsdiq olundu. Avropa Məhkəməsinin qərarının ən mühüm cəhəti budur. Hesab edirəm ki, bütövlükdə bu, 2003-cü il prezident seçkilərinə verilən bir qiymət kimi qəbul edilməlidir. Çünki, o vaxt prezident seçkilərinin nəticələri kobud şəkildə saxtalaşdırılıb və bundan sonra zorakılıqlar, qeyri-qanuni üsullar, geniş kütləvi repressiyalar vasitəsi ilə saxtakarlıq təsbit olunub. İnanıram ki, bu hadisələr ətrafında nə vaxtsa siyasi qərarlar da olacaq. Nəticədə, Azərbaycan məhkəmələri də 2003-cü il seçkiləri ilə bağlı ədalətli qərarlar qəbul edəcək. Hər halda, Avropa Məhkəməsinin qərarı çağdaş dünyada gedən proseslərin qarşısının alınmaz olduğunu və Azərbaycanın beynəlxalq hüquq məkanına inteqrasiyası dərinləşdikcə, demokratik dəyərlərin öz yerini tutacağı ümidini yaradır.
Sual: Məhkəmənin qərarı şikayətinizə adekvatdırmı?
Cavab: Məhkəmənin tam qərarını hələ almamışam, yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin saytındakı məlumatı oxumuşam. Bizim əsas tələbimiz haqlı sayılıb. Bu, Azərbaycanda keçirilmiş məhkəmənin ədalət mühakiməsi olmaması, siyasi sifarişli keçirilməsi, qanunları pozmasıdır. Bununla yanaşı, məlumatdan məlum olur ki, Avropa İnsan Haqları Konvensiyasının 3 və 11-ci maddələri üzrə şikayətimiz təmin olunmayıb. Qərarın tam mətnini öyrəndikdən sonra, bu barədə fikrimizi bildirəcəyik.
Sual: Sizinlə o zaman həbsdə olan Arif Hacılı, indi də təxminən eyni ittihamla 2011-ci il 2 aprel aksiyasından sonra yenidən həbs edilib. Necə qiymətləndirirsiniz?
Cavab: Bu onu göstərir ki, Azərbaycanda heç də məhkəmə qərarı hər şeyi həll etmir. Azərbaycan iqtidarı vətəndaşların vergiləri hesabına cərimələri ödəməklə vəziyyətdən çıxdığını hesab edir. Son dövrlər Avropa İnsan Hüquqları Məhkəməsinin bu cür qərarları dalbadal daxil olmaqdadır. Narahatlıq doğuran odur ki, Azərbaycan iqtidarında bu məsələlərə qarşı sanki bir immunitet yaranıb. Bu cərimələr xalqın puludur. Hesab edirəm ki, bu yolla vəziyyətdən çıxış tapmaq mümkün olmayacaq.
Arif Hacılının kütləvi aksiyada iştiraka görə həbsi ciddi narahatlıq doğuran məsələdir və sərbəst toplaşmaq azadlığının pozulmasına ciddi bir sübutdur. Amma, məndə olan məlumata görə, konvensiyasının sərbəst toplaşmaq azadlığı ilə bağlı 11-ci maddəsi barədə şikayətimiz təmin olunmayıb. Azərbaycan hökumətinin orada məhz, bu maddə ətrafında ciddi lobbi fəaliyyəti göstərməsi barədə məlumatlar gəlir. Düzdür, biz məhkəmənin işini hər hansı şəkildə şübhə altına almaq fikrindən də uzağıq. Sərbəst toplaşmaq azadlığı ilə bağlı həm Arif bəyin, həm də onlarla digərlərinin həbsdə olması göstərir ki, bu yalnız hüquqi bir məsələ deyil, ciddi siyasi tədbirlərə də ehtiyac var. O cümlədən, beynəlxalq hüquqda yol verilən müəyyən siyasi tədbirlər də görülməlidir. Bu, nəticədə Azərbaycan vətəndaşlarının və demokratik qüvvələrin üzərinə düşən bir görəvdir. Azərbaycanda mütləq ümumxalq, ümumvətəndaş müqaviməti təşkil olunaraq bu antidemokratik, totalitar, qeyri insani situasiyanın dəyişdirilməsinə nail olmaq gərək olacaq.
Sual: Bir müddət öncə Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu barədə Avropa Məhkəməsinin qərarında işgəncə faktları qeyd edilmişdi. Sizin şikayətinizdə işgəncəyə məruz qalmanızla bağlı faktlar əks olunubmu? Avropa Məhkəməsi işgəncə faktına da qiymət veribmi?
Cavab: Mən, qərarla tanış deyiləm. Amma, bizim vəkillərimizin hazırladığı şikayətdə, məncə işgəncə də var idi. Hazırda, vəkillərimizin bununla bağlı dəlillərinin qəbul edilib-edilməməsi barədə məlumatlı deyiləm.