PKK lideri Öcalan aclıq aksiyası keçirən tərəfdarlarına yazılı müraciət edib

Türkiyə həbsxanalarında minlərlə məhbus kürd üsyançı Abdulla Öcalana səkkiz ildə ilk dəfə vəkilləri ilə görüşmək icazəsi verildikdən sonra 200 günlük aclıq aksiyasını dayandırıb.

Qeyri-qanuni təşkilat hesab edilən Kürdüstan Fəhlə Partiyasının lideri Öcalan bazar günü vəkilləri tərəfindən çatdırılan yazılı müraciətində aclıq aksiyası keçirən tərəfdarlarına aksiyanı dayandırmaları barədə müraciət edib.

“Aclıq aksiyası keçirən yoldaşlarım, vəkillərimin bəyanatlarına əsaslanaraq sizin aksiyanı dayandırmanıza ümid edirəm. Sizin mənim yolumda keçirdiyiniz əzabı hər kəs gördü. Mən sizə öz məhəbbətimi və minnətdarlığımı bildirirəm”- deyə, Abdulla Öcalanın adından vəkili Novruz Uysal bildirib.

Çox sayda kürd qanunverici Öcalanın İmrali adasındakə həbsxanada vəkilləri ilə məsləhətləşməsinə icazə verilməsi üçün 3000 məhbus və yeməkdən imtina edən digərlərinə qoşulub.

Bu vəkillərdən biri Leyla Güvən bazar günü bildirib ki, aksiya onlara məqsədlərinə nail olmalarına kömək edib.

“Mən aksiya başlayandan bəri məsələyə diqqət yetirən hər kəsə minnətdarlığımı bildirirəm. Bu kollektiv şəkildə müqavimət idi. Bu müqavimətlə Türkiyə xalqı, Türkiyə demokratiyası qalib gəldi. Cənab Öcalanın səsinin eşidilməsi Türkiyə demokratiyası və Yaxın Şərqdə sülhün əldə edilməsi üçün çox vacibdir. Biz istəyimizə heç bir itkisiz nail olmağı arzulayardıq. Bizim ürəklərimiz ağrıyır, amma biz həqiqətən də müqavimətə güc gələ bildik”, deyə Leyla Güvən bildirib.

1999-cu ildə Keniyda həbs edilən Öcalana ömürlük həbs cəzası verilib.

PKK Türkiyədə müstəqil Kürdüstan dövlətinin yaradılması uğrunda mübarizə aparır.

Türkiyə, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb.

Bəzi türkiyəli təhlilçilər Öcalanın vəkilləri ilə görüşməsinə icazə verilməsini hökumətin gələn ay İstanbul şəhərinin meri uğrunda keçiriləcək təkrar seçkilərdə kürd seçicilərin səslərini qazanması üçün atılan addım hesab edir.