Yəhudilərin yaşadığı məhəllədəki “Həyat Ağacı” sinaqoqunda 11 nəfərin qətlə yetirilməsindən sonra Pitsburq sakinləri birləşərək, nifrətə qarşı çıxır. Şahidlər hücumçunun yalnız yəhudiləri öldürmək istədiyini deyir. Bunun əvəzində isə bu icmanın sakinləri əvvəlllər olmadığı qədər birlik nümayiş etdirir.
Pitsburqda həmin şənbə səhəri başqa günlərə bənzəmirdi. Vasi Məhəmməd: “Biz nələrin baş verdiyini eşidəndə buna inanmadıq.”
Pitsburq İslam Mərkəzinin direktoru Vasi Məhəmməd şok olmuşdu. Ona bu xəbəri telefonla vermişdilər. “Mənə müsəlman icmasının nə edəcəyi ilə bağlı çox sayda zənglər gəlir, mesajlar yazılırdı. Biz nə etməliyik? Haraya getməliyik? Beləliklə, biz bu faciə qurbanlarının ailələrinə yardım üçün pul toplamaq qərarına gəldik.”
Bir neçə saat ərzində qurbanların ailələrinə yas mərasimlərinin keçirilməsinə yardım üçün onlaynla xeyli pul yığıldı. Əvvəlcə məqsəd heç olmazsa 25 min dollar yığmaq idisə, bir neşə günə bu vəsait 235 min dollara qalxdı. İslam Mərkəzindən Muzənur Bisvas: “Biz bu qədər vəsaitin yığılacağını ağlımıza belə gətirmirdik.”
Yerli pitsburqlular bir icmanın insanları olduqlarını və bir-birlərinə dəstək olduqlarını deyir. “Bizim bütün başqa dini qruplarla - katolik bacı-qardaşlarımızla, yəhudi bacı-qardaşlarımızla, ümumiyyətlə başqa xristian qruplarla münasibətimiz həmişə yaxşı olub” deyə, Muzanur Bisvas bildirir.
Pitsburq Polis İdarəsinin rəisi Skot Şubert bu şəhərdəki icmalar arasında həmişə birlik olduğunu deyir. “Biz idman komandalarının qələbəsini, şəhərdə keçirilən bayramları birlikdə qeyd edirik. Burada faciə baş verəndə də bir-birimizə yardım edirik.”
İslam Mərkəzinin imamı Əmro İlasvallı bununla razıdır. “Bizdə bir hadisə baş versə, onlar yardıma gəlir. Bu, gözəl əlaqələrdir və mən ümid edirəm ki, biz bir-birimizlə əlaqələrimizi daha da möhkəmlətmək məqsədilə birlikdə işləyə biləcəyik.”
Restoran sahibi Şon Keysi deyir ki, bu dəhşətli faciə da birliyin mövcud olduğun şəhərin sakinklərini daha da yaxınlaşdırıb. “Siz son bir neçə gündür bütün icmaların nə qədər yaxınlaşdığını görə bilərsiniz. Xristianlar yəhidilərin “Həyat Ağacı” sinaqoquna gəlib, qurbanlar üçün şam yandırır. İslam icmasının üzvləri dəstək və yardım üçün bir araya gəlir.”