Təbrizin tarixi Pinəşalvar məzarlığı məhv edilir

Təbriz şəhərinin yaxınlığındakı Pinəşalvar kəndində yerləşən tarixi məzarlıq tarixi əşya qaçaqmalçıları tərəfindən məhv edilir.

İran mətbuatında yayımlanan məlumata görə, Pinəşalvar məzarlığı rəsmilərin laqeydliyi nəticəsində tarixi əşya qaçaqmalçıları və dəfinə axtaranlar tərəfindən aparılan qazıntılardan dolayı əsaslı şəkildə xəsarət alıb.

Pinəşalvar məzarlığı mühafizə olunmadığı üçün uzun müddət ərzində oğruların və tarixi əşya qaçaqmalçıları tərəfindən talan və bir çox qəbir təxrib edilib.

Bu tarixi qəbiristanlıqda kişi cinsiyyət orqanına bənzər silindrik və iki yarımkürəyə bənzər qadın döşlərini simvollaşdıran daşlar mövcuddur.

İslamdan öncəyə aid olan qəbir daşlarının cinsiyyət orqanı şəklinə bənzəməsi səbəbilə İran hakimiyyətinin bu tarixi irsi mühafizə etməsində laqeyd olduğu deyilir.

İranın Gülüstan vilayətində Türkmənistan sərhədi yaxınlığında Pinəşalvar məzarlığına bənzər Xalid Nəbi adlı bir başqa məzarlıq mövcuddur. Həmin məzarlıq isə sürətli bir şəkildə məhv olmaq üzrədir. 2017-ci ildə bu tarixi məzarlığın əmdi şəkildə yandırıldığı və bəzi daşlarının isə sındırıldığı xəbəri yayılmışdı. Buna baxmayaraq, əlaqədar qurumların bu məsələ barədə laqeydliyi nəticəsində həmin məzarlıqların məhv edilməsi davam edir.

Pinəşalvar və buna bənzər digər məzarlıqlarda heç bir elmi və arxeoloji tədqiqat aparılmadığı bildirilir. Ancaq bəzi nəzəriyyələrə görə, bu qəbiristanlar Skiflər dövrünə aiddir.

İranda Azərbaycanlı milli fəallar Azərbaycanın bir çox yerində türklərə aid olan tarixi yerlər və abidələrə qarşı hökumətin laqeyd yanaşmasını tənqid edir, bu abidələri mühafizə etmək üçün yetərli tədbirlərin alınmadığını deyirlər.

Ümumiyyətlə belə məkanlar dövlətlər tərəfindən çəpər, gözətçi və kamera ilə təchiz olunaraq mühafizə edilir və turistlər üçün açılır.