Pikasso və Mondrianın oğurlanan rəsm əsərləri tapılıb

Yunanıstan rəsmiləri 2012-ci ildə Afinadakı Milli Qalereyadan oğurlanan Pablo Pikasso və niderlandlı rəssam Piet Mondrianın iki əvəzsiz tablosunu aşkar etdiklərini bildirib.

Çərşənbə axşamı Afinadakı brifinq zamanı sözçü polisin izinə düşdüyünü və cinayəti etiraf etdiyi 49 yaşlı ev işləri görən şəxsi saxladığını açıqlayıb. Polis əvvəlcə oğurluğun iki nəfərin işi olduğunu düşünürdü.

Rəsmi şəxs jurnalistlərə həmin şəxsin iki rəsmi - Pikassonun 1939-cu ildə çəkdiyi "Qadın Başı" və Mondrianın 1905-ci ildə "Yay Evli Stammer Dəyirmanı"nı oğurlamaq üçün necə plan qurduğuna dair təfərrüatları təqdim edib.

Oğrunun səhər tezdən muzeyə girdiyini və növbətçi gözətçini yoldan çıxartmaq üçün qalereyanın bir hissəsində həyəcan siqnalını işə saldığını, digərindən isə içəri girdiyini deyib.

Oğru əvvəlcə rəsmlərini evində gizlətdiyini, daha sonra Afinadan 20 km aralıdakı Keratea qəsəbəsindəki bir dərədə gizlətdiyini əlavə edib. Əsərlər bazar ertəsi yaxşı vəziyyətdə tapılıb.

Eyni mətbuat konfransında çıxış edən Yunanıstan Mədəniyyət Naziri Lina Mendoni bu günün sevinc və duyğu ilə dolu bir gün olduğunu deyib. O, Pikasso rəsminin yunan xalqı üçün xüsusi bir dəyər kəsb etdiyini və rəssamın II Dünya Müharibəsi dövründə faşist və nasist işğalçı qüvvələrə qarşı apardığı mübarizəyə görə şəxsən onlara bu əsərini həsr etdiyini deyib.

Nazir rəsm əsərində əl yazısı ilə ithaf barədə qeydin olduğunu bildirib.

"Bu səbəbdən bu rəsm əsərinin nəinki satıışı, hətta Milli Qalereyadan oğurlandığı dərhal təsbit ediləcəyi üçün hər hansı bir yerdə sərgilənməsi mümkün deyildi" - deyə, nazir əlavə edib.

Hər iki rəsm əsəri ilin sonunda qalereyanın təmirindən sonra nümayişə çıxarılacaq.