Pfizer şirkətinin icraçı direktoru Albert Burla əczaçılıq şirkətinin COVID-19-a qarşı istehsal etdiyi vaksin dozalarının sayının ikiqat artırılacağını gözlədiyini bildirib. Hazırda Pfizer həftədə təxminən 5 milyon doza peyvənd istehsal edir.
ABŞ Prezidenti Co Bayden hakimiyyətdə olduğu ilk 100 gündə 100 milyon doza peyvəndin tətbiq ediləcəyinə dair vədini yerinə yetirə biləcəyi ilə bağlı əminliyini bildirib.
“Hazıda biz artıq iyulun sonuna qədər bütün amerikalıları peyvəndlə təmin edə biləcəyimizi gözləyirik. Bu, amerikalıların hamısının vaksinasiya olunacağı demək deyil, lakin kifayət qədər doza əldə ediləcək”, Bayden bildirib.
Pfizer ABŞ-ın mart ayının sonuna qədər 100 milyon doza, may ayının sonuna qədər isə 100 milyon doza ilə təmin ediləcəyini bildirib. Fevralın 17-ə qədər şirkət 40 milyon doza vaksin çatdırıb.
COVID-19-a qarşı peyvənd istehsal edən Moderna şirkəti də iyul ayının sonuna qədər ABŞ-a 300 milyon doza vaksin çatdırılacağını bildirib.
Prezident Baydenin koronavirusa qarşı mübarizə üzrə müşaviri Entoni Fauçi bundan əvvəl peyvəndə olan tələbin təklifdən əhəmiyyətli dərəcədə yüksək olduğunu qeyd etmişdi.
ABŞ əhalisinin indiyə qədər 15nfaizdən az hissəsi vaksinasiya olub. COVID-19 pandemiyası nəticəsində ölkədə təxminən 500 000 insan həyatını itirib.