İstanbulda “Petkim” neft-kimya şirkətinin rəhbəri Sadəddin Qorqud həbs olunub. Bir müddətdir ki, bu şirkətin nəzarət - səhm paketi Azərbaycana, dəqiq desək SOCAR - Dövlət Neft Şirkətinə məxsusdur.
“Anadolu” agentliyi bildirir ki, S.Qorqud və şirkətin bir qrup əməkdaşı Fətullah Gülənin “Hizmət” təşkilatı ilə əlaqələrdə ittiham olunur.
“Petkim” əməkdaşlarının ev və ofislərində axtarışlar aparılıb, sənədlər götürülüb. Məsuliyyətə cəlb olunan neft-kimya və energetika kompleksi əməkdaşlarının ümumi sayı 200 nəfərdir. Onlar da “Hizmət” ilə əlaqələrdə ittiham olunurlar.
Öz növbəsində SOCAR bildirib ki, bu gün Anar Məmmədov “Petkim” şirkətinin yeni baş direktoru təyin edilib. O, əvvəllər Yunanıstanda SOCAR Trading bölümünə rəhbərlik edib.
“Petkim” nəzarət-səhm paketi (61,32 %) Socar Turkey Enerji A.Ş və SOCAR International DMCC OGG-yə məxsusdur. 38,68 % isə İstanbul Fond Birjasında sərbəst dövriyyədədir.
“Petkim” müəssisələri polimer, yuyucu vasitələr, plastik qablaşdırmalar, parça və s. istehsal edir. 2013-cı ildə “Petkim Petrokimya”nın gəliri təxminən $1,6 mlrd., xalis mənfəət - $41 mln. təşkil edib.