Pərviz Həşimliyə təzyiqlər davam etdirilir [Video]

Jurnalist Pərviz Həşimlinin hüquqlarının müdafiəsi konfransı

Jurnalist ittihamları əsassız və sifarişli sayır. Ailə üzvləri və AXCP sədri Əli Kərimli Həşimlinin fiziki təzyiqlərə məruz qalmasını pisləyir, MTN-nin təcridxanasının ləğvini istəyir
Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin istintaqı gecikdirilir, ona qarşı fiziki və mənəvi təzyiqlər davam etdirilir, Mili Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından Ədliyyə Nazirliyinin təcridxanasına köçürülmür. Ona qarşı irəli sürülən ittihamlar sifarişdir.

Bu gün jurnalist Pərviz Həşimlinin ailə üzvləri və AXCP sədri Əli Kərimli mətbuat konfransında səslənən başlıca fikrilər bunlardır.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.

Həşimli Moderator.az saytının rəhbəri, “Bizim Yol” qəzetinin müxbiri, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri, AXCP Ali Məclisinin üzvüdür.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Jurnalistin atası Kamran Həşimli bildirib ki, MTN-də oğluna qarşı təzyiqlər davam etdirilir. O oğluna qarşı işgəncələrlə bağlı ölkə rəhbərlərinə, ombudsmana, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə müraciət edib. Amma işgəncələr indi də davam etdirilir.

“Necə olur ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri erməni katolikosunun xahişi ilə erməni əsirlərinin saxlanma vəziyyəti ilə maraqlanır, onlara baş çəkir, hətta əsirlərə kabab verildiyini deyir. Amma, Azərbaycan vətəndaşının xahişi ilə ölkənin tanınmış jurnalistinin işgəncəyə məruz qalması barədə müraciətinə cavab vermir, gedib onun saxlanma vəziyyəti ilə maraqlanmır?”, ata sual edib.

O oğlunun sorğu-suala başına torba keçirilərək aparıldığını, sorğu-sual zamanı qara torbanın başından çıxarılmadığını, sorğu-suallar zamanı təhqir edildiyini, döyüldüyünü bildirib.

“Pərvizi elə vəziyyətə gətiriblər ki, sorğu-sual zamanı qayçını götürərək özünə qəsd etmək istəyib. Mən buradan Pərvizi təhqir edənlərə səslənirəm, - gedin öz ailənizin namusunu çəkin, bəs edər. Biz kasıblarla işiniz yoxdur”, Kamran Həşimli qeyd edib.

Pərviz Həşimli hakimiyyətdaxili qruplaşmalar arasında mübarizənin qurbanına çevrilib. Belə ki, ona istintaqda məcbur edirlər ki, yüksək vəzifəli şəxslərdən AXCP sədri Əli Kərimliyə pul çatdırdığını yazsın.

“Pərviz belə bir iş görməyib, qurana da and içib. O etmədiyinə görə heç kimin üzünə də durmayacaq”, o qeyd edib.

Kamran Həşimli deyib ki, istintaqın soruşduğu adamlar Heydər Əliyevə də, İlham Əliyevə də canla-başla qulluq ediblər.

“Onları nə dərər məcbur etsələr belə nəinki müxalifətə, heç kasıba da bir qəpik verməz”, o bildirib,

AXCP sədri Əli Kərimli bildirib ki, MTN insanları şərlədib həbs etməklə məşğuldur. Onun fikrincə, MTN-nin istintaq təcridxanası ləğv edilməlidir. Kərimli Azərbaycan hakimiyyətini cinayətlərdən əl çəkməyə çağırıb.

“Siz onsuz da etdiyiniz cinayətlərə görə cavab verəcəksiniz. Heç olmazsa yarı yoldan çəkilin. Türklər demişkən, “qorxunun əcələ dəxli yoxdur”. Dəyişikliklər başlayıb, siz də özünüzü xilas edə bilməyəcəksiniz”, deyə o hökumətə müraciət edib.
Kərimli istehza ilə deyib ki, iqtidarın ona qarşı nifrəti çox böyükdür. Onun fikrincə, hökumətdə kimin nə etdiyi hamıya məlumdur və bu kim lazımdırsa vəzifədən çıxarılması üçün bəs edir.

“Bunların mənə qarşı nifrəti o qədər böyükdür ki, hətta nazirlərini də mənə görə cəzalandırırlar. İlham Əliyev nazirlərinin ona deyil, mənə işlədiyini güman edir. Bu narahatçılığın yüksək həddidir ”, deyə o qeyd edib.

Öz növbəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi Pərviz Həşimlinin MTN-də işgəncəyə məruz qalması ilə bağlı məlumatları təkzib edir. Mərkəzin məlumatına görə, indiyədək MTN-də bir dəfə belə işgəncə faktının olması barədə məlumat mövcud deyil.

Your browser doesn’t support HTML5

Pərviz Həşimliyə təzyiqlər davam etdirilir