OVD-İnfo: Rusiyanın 58 şəhərində Ukraynaya hərbi müdaxiləyə qarşı keçirilən etirazlar zamanı 1820 nəfər həbs edilib

Rusiyanın 58 şəhərində Rusiyanın Ukraynaya təcavüzünə qarşı küçələrə çıxan 1200-dən çox adam həbs edilib, insan haqları layihəsi "OVD-İnfo" Moskva vaxtı ilə saat 21:48-ə olan məlumata əsasən bildirib.

Hüquq müdafiəçilərinin məlumatına görə, Moskvada 200-dən çox insan həbs edilib. Saxlanılanların sayı arta bilər, belə ki, hazırda Puşkinin abidəsi yaxınlığında 400-ə yaxın insan toplaşıb.

“Azadlıq” radiosu xəbər verib ki, etirazçılar “Müharibəyə yox!” şüarı səsləndirib. Polisin həbslərə başladığı və “Azadlıq” radiosunun üç müxbirinin saxlandığı bildirilib.

Sankt-Peterburqda 440, Yekaterinburqda 39, Saratovda 28, Nijni Novqorodda 23 nəfər həbs edilib.

Rusiya Federasiyasının İstintaq Komitəsi daha əvvəl insanların “gərgin xarici siyasi vəziyyətlə əlaqədar” “icazəsiz aksiyaların təşkili və keçirilməsi yönündəki hərəkətlərə” görə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq etmişdi.

Bəzi ruslar sosial şəbəkələrdə insanları Ukraynaya hücuma etiraz etmək üçün küçələrə çıxmağa çağırıb.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “nazifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib.

Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları barədə xəbərlər gəlməyə başladı. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

Ukrayna prezidenti Vladimir Zelenski bütün Ukraynada hərbi vəziyyət elan edib. Ukrayna Rusiya ilə bütün diplomatik əlaqələrini kəsib və hava məkanını bağlayıb.

Onlarla rusiyalı məşhur Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxış edib. Moskvadakı Vsevolod Meyerhold Mərkəzinin direktoru Yelena Kovalskaya “Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq” vəzifəsindən istefa verdiyini bildirib. "Qatil üçün işləmək və ondan maaş almaq mümkün deyil. Başlanmış işləri könüllü olaraq başa çatdıracağam" - deyə, Kovalskaya bildirib.