Pentaqon: Suriyada İŞİD-in üç yüksək rütbəli lideri qətlə yetirilib

Pentaqon koalisiyanın Suriyada hava hücumları nəticəsində keçən il Parisdə terror hücumlarında əli olan iki militant da daxil olmaqla İŞİD-in üç liderinin qətlə yetirildiyini bildirib.

"Bu üç nəfər hava hücumları zamanı Qərbin hədəflərinə qarşı birlikdə hücumlar təşkil etməklə məşğul idi"-deyə Pentaqonun sözçüsü Piter Kuk bildirib.

Pentaqon nümayəndəsinin bildiridiyinə görə, İŞİD-in üç lideri qrupun de-fakto paytaxtı olan Raqqada dekabrın 4-də keçirilən hava hücumları zamanı qətlə yetirilib.

Onun sözlərinə əsasən, keçən il Parisdə 130 nəfərin ölümülə nəticələnmiş hücumlarda əli olan iki militant Salah Gurmaq və Sammi Cedududur. Onlar İŞİD-in xarici əməliyyatlara rəhbərlik edən Əbu Məhəmməd Əl-Adnaninin yaxın tərəfdaşları olduğu deyilir.

Koalisiyanın Suriyada hava hücumları nəticəsində qətlə yetirilən üçüncü militant Valid Hammandır. O, qiyabi olaraq Belçikada qarşısı alınmış hücumun təşkilinə görə məhkum edilib.

İŞİD keçən il Parisdə intiharçı bomba hücumçuları və silahlı şəxslərin paytaxtın müxtəlif yerlərində koordinasiya edilmiş hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb. Hücumların biri konsert zalında törədilmiş, hadisə nəticəsində 90 nəfər həyatını itirmişdi.