Pentaqon iki hərbi bazada dəyərləndirmə aparacaq

Pentaqon miqrant ailələrin saxlanacağı iki hərbi bazada dəyərləndirmə aparacaq.

Ordu sözçüsü Ceyms Devisin bildirdiyinə görə, Daxili Təhlükəsizlik və Səhiyyə nazirlikləri tərəfindən "niyyət bildirişi" imzalanmayanadək, heç bir tikinti işləri aparılmayacaq.

Sözügüdən Fort Bliss bazası Nyu Meksikoda, Goodfellow bazası isə Texasda yerləşir.

Tramp administrasiyası orduya müraciət edərək, valideynləri yanlarında olmayan uşaqlar da daxil edilməklə, minlərlə sənədsiz mühacirin sığınaqla təmin edilməsini istəyib.

Obama administrasiyası dövründə 16 min sənədsiz miqranta 5 hərbi bazada sığınacaq verilmişdi.

Obama dövründə Səhiyyə Xidmətində çalışan Mark Qrinberq Amerikanın Səsinə bildirib ki, Pentaqona dəfələrlə artmaqda olan miqrant uşaqlara görə müraciətlər edilib.

O, əvvəllər belə uşaqların 2-3 min nəfər olduğunu, lakin hər ay artmaqla 10 min nəfərə qalxdığını deyib.

Hazırda 11 800 uşaq nəzarət altında saxlanılır. Onlar 14 ştatda 100-ə yaxın sığınacağa yerləşdirilib.

Mərkəzi Amerikadan miqrant axını güclənib. 2014-ci ildən sərhədi keçənlərin sayı 14 faiz təşkil edirdisə, 2018-ci ildə bu göstərici 24 faizə qalxıb.

Bundan əlavə valideynsiz sərhədi keçən uşaqların sayı da eyni müddətdə 7 faizdən 13 faizə yüksəlib.