Pentaqon: Hava hücumundan müdafiə sistemləri Ukrayna üçün mütləq prioritetdir

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi bildirib ki, Rusiyanın ölkənin mülki infrastrukturuna daha çox ziyan vurmasının qarşısını almağa çalışan Ukrayna üçün hava hücumundan müdafiə sistemi əsas prioritet olaraq qalır.

Hərbi cəhətdən Rusiya qonşu Ukraynaya səbəbsiz işğalında uğursuzluğa düçar olub və getdikcə daha çox mülki infrastruktura, xüsusən də Ukraynanın elektrik şəbəkəsinə zərbələr endirir.

"Bunlar Ukrayna xalqını cəzalandırmaq üçün edilən dəhşətli hücumlardır. Qışın başlaması ilə onlar heç bir qanuni hərbi məqsədə xidmət etmirlər" - deyə, rəsmi bildirib.

Bundan əlavə, Rusiyanın hücumları Ukraynanın nüvə obyektləri üçün təhlükə yaradır.

"Hücumlar həm də Rusiyanın təkcə Ukrayna üçün deyil, bütün region üçün zərərli nəticələrə səbəb ola biləcək nüvə təhlükəsizliyi insidentinin riskini artırmağa hazır olduğunu nümayiş etdirir. Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarını yumşaltacağına dair heç bir əlamət yoxdur" - deyə, o bildirib.

Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı artdıqca, ABŞ və onun müttəfiqləri və tərəfdaşları ölkəyə müvafiq silahlar göndərir və Ukrayna ordusuna bu müdafiə sistemləri ilə işləmək üçün təlimlər keçirir. ABŞ Ukraynaya minlərlə Stinger MANPADS, eləcə də qabaqcıl NASAMS zenit-raket kompleksləri göndərib.

Ukrayna və ABŞ rəsmilərinin sözlərinə görə, Ukraynada fəaliyyət göstərən iki NASAMS sistemi son dərəcə uğurlu olub.

ABŞ həmçinin Kyivə pilotsuz təyyarələr də daxil olmaqla, müxtəlif hədəflərə qarşı istifadə edilə bilən Avenger hava hücumundan müdafiə sistemləri göndərib.

"Müttəfiqlərimiz və tərəfdaşlarımız da bu sahədə fəallaşıblar" - deyə, rəsmi bildirib.

İspaniya, Almaniya, İsveç və Polşa Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərib.

"Bir sıra müttəfiqlər və tərəfdaşlar ABŞ-ın təchiz etdiyi NASAMS sistemlərini AMRAAM raketləri ilə təchiz etməyi öhdələrinə götürüblər", rəsmi bildirib.

ABŞ-ın ən son yardım paketinə pilotsuz təyyarələri vurmaq üçün istifadə oluna bilən termal görüntüləri olan 150 ağır pulemyot daxildir.

Qış yaxınlaşdıqca, ABŞ və tərəfdaşları milyonlarla atıcı silah patronu və müxtəlif silah sistemləri üçün ehtiyat hissələri ilə yanaşı, Ukraynaya soyuq hava üçün avadanlıq göndəriblər. ABŞ həmçinin anti-radar raketləri, 150 Humvee və 100-dən çox yüngül taktiki maşın tədarük edəcək.

Fevralın 24-də Rusiyanın işğalı başlayandan bəri ABŞ bu günə qədər Ukraynaya təhlükəsizlik üçün 19 milyard dollardan çox yardım edib.