ABŞ-ın vitse-prezidenti Mayk Pens bu gün Qazaxıstanın prezidenti Nursultan Nazarbayevlə görüşüb. Bu haqda Ağ Ev məlumat verib. Görüş zamanı Qazaxıstanın Birləşmiş Ştatların Cənubi Asiyada strategiyasını dəstəkləməsi, ABŞ və Qazaxıstan arasında işgüzar tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi və nüvə silahlarının yayılmaması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Vitse-prezident Pens Qazaxıstanın korrupsiya ilə mübarizə məqsədilə ciddi addımlar atmasının və vətəndaş azadlıqları, xüsusilə də söz və din azadlıqları sahəsində təəhhüdlərini yerinə yetirməsinin vacibliyini vurğulayıb.
Pens həmçinin Nazarbayevə Qazaxıstanın ABŞ-la terrorizmə qarşı hər iki ölkənin təhlükəsizliyinə xidmət edən mübarizədə əməkdaşlığa görə təşəkkürünü bildirib.
Ağ Evin bəyanatında bildirilir ki, ABŞ-ın vitse-prezidenti və prezident Nazarbayev Qazaxıstanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi işinə ümumi sadiqliyi təsdiqləyib və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsini alqışlayıb.
Yanvarın 16-da ABŞ prezidenti Donald Tramp Ağ Evdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Tərəflər arasında danışıqların diqqət mərkəzində regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məsələləri olub.