Mayk Pens: Tramp ASEAN-ın noyabr sammitində iştirak edəcək

ABŞ-ın vitse-prezidenti Cakartada prezident Trampın noyabr ayında keçiriləcək ASEAN-ın sammitində iştirak edəcəyini deyib.

ASEAN-ın baş katibi ilə görüşündən sonra Mayk Pens bildirib ki, Tramp administrasiyası qurumla Cənubi Çin dənizində sülh və sabitliyin qorunmasında və kommersiya gəmilərinin maneəsiz hərəkətinin təminat altına alınmasında yaxından əməkdaşlıq edəcək.

ABŞ-ın vitse-prezidenti daha əvvəl beynəlxalq ictimaiyyətin Şimali Koreyaya diplomatik və iqtisadi təzyiq göstərməli olduğunu deyib.

Yaponiya səfəri zamanı Mayk Pens bildirib ki, ABŞ Koreya yarımadasını nüvəsizləşdirməyənədək sakitləşməyəcək. O, bütün variantların masa üzərində olduğunu bildirib.

Şimali Koreya ilə aparılan müzakirələrə diqqət çəkən vitse-prezident o ölkənin vədlərinə əməl etməyərək, daha çox provokasiyalara yol verdiyini deyib.

ABŞ-ın vitse-prezidenti Amerikanın Suriya və Əfqanıstandakı hücumlarına istinadən bildirib ki, Şimali Koreyanın nüvə təhlükəsinin qarşısını almaq üçün prezident Donald Tramp hərbi gücdən istifadə edə bilər.

Pens Yaponiyanın baş naziri Şinzo Abe ilə görüş keçirib. Abe Tramp administrasiyasına bütün variantları nəzərə aldığı üçün təşəkkürünü bildirib.

Pens 10 günlük səfərinə Cənubi Koreya, Yaponiya, İndoneziya, Avstraliya və Havay adaları daxildir.