Pelosi Trampın məruzəsinin nüsxəsini cırdı

Çərşənbə günü Donald Trampın illik hesabat məruzəsi zamanı ABŞ prezidenti ilə Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi arasında qarşıdurma yaşanıb. Belə ki, Tramp Pelosinin uzatdığı əlini sıxmayıb, Pelosi isə öz növbəsində nitqin sonunda Trampın arxasında onun çıxışının mətnini cırıb.

Tramp 80 dəqiqə davam edən çıxışında impiçment məsələsinə toxunmayıb. Lakin partiyalar arasındakı qarşıdurma özünü büruzə verib. Belə ki, Respublikaçılar Trampı ayaq üstə alqışlayıb, Demokratlar isə çıxışın əksər hissəsində sükut saxlayıb.

Respublikaçıların nəzarət etdiyi Senatın çərşənbə günü Trampı vəzifədən sui-istifadə və Konqres araşdırmasını əngəlləmək ittihamlarından baraət qazandıracağı gözlənilir.

Donald Tramp Nensi Pelosi dörd ay öncə Ağ Evdə keçirilən görüşü tərk edəndən sonra onunla ilk dəfə görüşüb və çıxışına başlamadan öncə ona məruzəsinin nüsxəsini təqdim edərkən Pelosinin uzatdığı əlini sıxmağı rədd edib.

Trampın bu addımı Pelosini təəccübləndirib. O, spikerlərin adət olaraq prezidenti Konqresə təqdim edərkən söylədiyi “özümə yüksək imtiyaz və şərəf hesab edirəm” ifadəsini işlətməyib.

O, Trampı təqdim edərkən sadəcə olaraq “Konqres üzvləri, qarşınızda Birləşmiş Ştatlar prezidenti” deyib.

Trampın çıxışı bitəndən sonra Pelosi ayağa qalxıb, Trampın ona təqdim etdiyi çıxışının nüsxəsini cırıb və daha sonra müxbirlərə deyib ki, “alternativini nəzərə aldıqda, bu nəzakətli addım idi”.

Bu isə ona işarədir ki, növbəti bir il ərzində qanunvericilik sahəsində çox az sayda irəliləyiş olacaq. İmpiçment məsələləri Trampla Pelosi arasında onun prezidentliyi boyunca davam edən gərginliyi daha da artırıb.

Tramp çıxışına başlayanda Konqresin hər iki palatasından Respublikaçılar “daha dörd il” şüarını səsləndirib.

Demokratlar isə onu sakit dinləyib və Tramp “bizim ölkəmizin durumu hər zamankından daha yaxşıdır” deyəndə bəziləri etiraz əlaməti olaraq başlarını bulayıblar.