Nensi Pelosi Tayvanda dayanacağı ilə bağlı fərziyyələr fonunda Sinqapurda səfərdədir

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar ertəsi iki günlük səfərlə Sinqapura gedib. Konqresin nümayəndə heyətinə rəhbərlik edən spikerin Tayvanda dayanmaq ehtimalı da var.

Sinqapurun Xarici İşlər Nazirliyi Pelosinin Baş Nazir Li Siyan Lun və digər rəsmilərlə görüşəcəyini bildirib.

Pelosi bazar günü verdiyi açıqlamasında Demokratik Partiyanın digər beş qanunvericidən ibarət qrupuna rəhbərlik etdiyini və Asiyaya səfərin məqsədinin "Amerikanın bölgədəki müttəfiqlərimizə və dostlarımıza güclü və sarsılmaz sadiqliyini bir daha təsdiqləmək" olduğunu deyib.

O, nümayəndə heyətinin Malayziya, Cənubi Koreya, və Yaponiyaya ziyarətin də planlaşdırıldığı səfəri zamanı Tayvanda dayanıb-dayanmayacağını qeyd etməyib.

ABŞ mediası cümə günü Pelosinin Tayvanda dayanmağı planlaşdırdığını xəbər verib.. Pelosi özü də dolayısı ilə belə bir ehtimal barədə danışıb, ancaq onun ofisi təhlükəsizlik protokollarına istinadən bunu təsdiqləməyib.

Bu, Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriçin konqres nümayəndə heyətinə 1997-ci ildə Tayvana səfərinə rəhbərlik etməsindən bəri ABŞ-ın adaya ən yüksək səviyyəli səfəri olacaq.

Pekin dəfələrlə Pelosinin Tayvana səfərinin Çinin özünü idarə edən ada üzərində iddia etdiyi suverenliyinin qəbuledilməz pozulması olacağı barədə xəbərdalıq edib.

Tayvanla Çin 1949-cu ildəki vətəndaş müharibəsindən sonra ayrılıb və məğlub olan millətçi qüvvələr Tayvana qaçaraq orada hökumət qurub. Daha sonra isə bu hökumət canlı bir demokratiyaya çevrilib.