Səfillikdən Pizza krallığına [Video]

Your browser doesn’t support HTML5

Haqqı Akdeniz Türkiyəni 1999-cü ildə tərk edərək, Nyu-Yorka gəlib. O zaman evsiz-eşiksiz olan Haqqının yeməyə heç bir şey tapmadığı vaxtlar da olub. Lakin bu səfil insanın həyatı sonradan tam dəyişib.

SOHO-nun Pizza restoranındakı bu şəkillərdə Haqqı Akdenizin nailiyyyətləri göstərilir. Haqqının Nyu-York şəhərində “Champion Pizza” və başqa biznesləri var. O özünün pizza bişirmə metoduna görə onlarla medal və mükafata layiq görülüb. Lakin bu yerə çatmaq üçün o, çox ağır yoldan keçib. “Mən buraya gələndə fikirləşirdim ki, kimsə mənə yardım edəcək, evim, işim olacaq, kimsə mənə nə edəcəyimi başa salacaq. Yəni müxtəlif ümidlərlə gəlmişdim. Lakin mən iş tapa bilmirdim. Düşündüm ki, Türkiyəyə dönsəm nə olacaq?” deyə, Haqqı Akdeniz bildirir.

O, günlərlə qatar stansiyasında və ya sığınacaqlarda gecələyir və iş axtarmaqda davam edirdi. “Mən “Bowery Missiyası”nda 96 gün qaldım və elə orada ikən iş tapdım. Orada mənə Minə adlı türkiyəli qadın yardım etdi. O mənə Nyu Cersidə iş tapdı.”

Haqqı Pizza restoranı açmaq üçün çox çalışdı. Cəmi 5 ildə o, 7 Pizza restoranı açdı. Hazırda onun 10 Pizza restoranı var və birini də açmaq fikrindədir. “Mən nə maşın sürə bilirəm, nə də üzə bilirəm. Mən kluba necə gedildiyini belə bilmirəm. Mən çox şey bilmirəm, lakin mən pizza haqda hər şey bilirəm.”

Buna görə də onun müştərisi çoxdur. “Brodveyin şərqindəki bu yer mənim ən çox sevdiyim yerdir. Mən qatardan düşən kimi pizza yemək üçün buraya gəlirəm. Buranın pizzası fərqlidir və çox dadlıdır” deyə. Corc Kruz adlı müştəri bildirir.

Digər müştəri isə deyir ki, o bütün dostlarına buraya gəlməyi tövsiyə edir, çünki buranın pizzası çox dadlıdır.”

Haqqı deyir ki, nailiyyətinin səbəbi onun hədsiz dərəcədə həvəsli olmasıdır. “Mənim üçün həyatda iki şey vacibdir, ailəm və işim. İşimin uğurlu olması üçün çox çalışıram, bu isə ailəm üçündür.”

Haqqı inanır ki, xəyallarının gerçək olması üçün çalışmalı və bundan vaz keçməməlisən.