Las Veqas şəhərində icma lideri olan Pol Murad Demokrat partiyasından seçkilərə qatılaraq beynəlxalq biznes sahəsində təcrübəsini Nevada ştatının iqtisadi problemlərinin həllinə yönəldə biləcəyinə ümid edir.
Pol Murad artıq 20 ilə yaxındır biznes sahəsində çalışır, sahibkardır, son səkkiz ili Las Veqasda yaşayır. Keçmiş Sovet İttifaqında böyüyən Pol Murad Amerikada yaşamaq və müvəffəq biznesmen olmaq arzusunda olub. Bu il martın 9-u Pol Murad rəsmən Dmeokrat partiyasından Nevada ştatının qubernatoru müavini seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Seçkilərə nə üçün qatıldığını soruşduqda o deyir ki, hazırki iqtisadi böhran şəraitində Nevada ştatının bir çox problemlərinin həllinə kömək edə biləcəyinə inanır.
"Mən artıq illərdir biznes sahəsində çalışıram və indi Nevadada iqtisadi vəziyyətə baxdıqda, görürük ki, bura Birləşmiş Ştatlar üzrə işsizlik səviyyəsi və ipoteka pulu ödənməyib banklara qaytarılan evlərin sayı ən yüksək olan ştatdır. Ştatın iqtiasdiyyatı yalnız turizm sahəsinə əsaslanır. Buna görə də qərara aldım ki, ştatın problemlərini ünvanlamaq üçün kifayət qədər təcrübəm və qabiliyyətlərim var."
Nevada ştatında işsizlik probleminin həlli və yeni iş yerlərinin açılması üçün Pol Murad 50-50 planını təklif edir. Bu plana əsasən o, biznes şirkətlərini ştata cəlb etməyi planlaşdırır. Pol Murad siyasi platformasında üç əsas istiqaməti göstərir.
"Bunlar Nevada ştatında iqtisadi inkişaf, turizmin genişləndirilməsi və təmiz enerji sahələrində iş yerlərinin açılmasıdır. İqtisadi inkişaf üçün bu sahədə divertifikasiyaya ehtiyac var. Yalnız bir iqtisadiyyata əsaslanan ştat və ölkələrdə bu lazımdır. Buna görə də mən başqa ştatlar və ölkələrlə əməkdaşlığı genişləndirərək Nevadaya başqa şirkətləri gətirmək və buraya investisiyaları artırmağı planlaşdırıram. Mənim 50-50 planıma gəldikdə isə beynəlxalq şirkətdə biznesin inkişafı məsələləri üzrə icraçı direktor olduqda bizim başqa bazarlara çıxış imkanlarımızın genişləndirilməsi ilə məşğul olurdum. Bu təcrübədən irəli gələrək, ştatın qubernator müavini olsam mənim işim özüm kimi icraçı direktorlarla Nevadada onlar üçün biznes imkanlarının genişləndirilməsinə dair danışıqlar aparmaq olacaq. Bütün bunlar ştatda iş yerlərinin açılması və işsizlik probleminin həllinə yardım edəcək."
Pol Murad Briləşmiş Ştatlara 16 yaşında mühacirət edib. O, Bakıda anadan olub, 5 yaşında olarkən atası vəfat edib, sonradan o, anası ilə Rusiyaya köçüb. Müasir Bakının iqtisadi potensialını yüksək qiymətləndirir. Son dəfə Bakıda 2008-ci ildə olub. Azərbaycanın ABŞ və Nevada ilə münasibətlərin inkişaf etdirilməsini istəyir.
"Mənim Azərbaycan köklərimi nəzərə alsaq, Azərbaycan və Bakı ilə əlaqələrimi saxlamaq istəyirəm. Nevada ştatının qubernator müavini əslində Nevadanın səfiri kimi bir mövqe tutur. Azərbaycan da mənim əlaqələri genişləndirəcəyim ölkələrdən biri olacaq. Bunun üçün böyük potensial görürəm. 2008-ci ildə bir neçə gün Bakıda oldum və səfərimi uzatdım. Bakı çox gözəldir. Orada inkişaflar, yeni tikinti işləri mənə böyük təəssürat bağışladı."
Pol Murad Oklahoma ştatında Tulsa universitetinin maliyyə və beynəlxalq biznes fakültəsini bitirib. O, zəhmətə qatılan istedadlı insanlar üçün Birləşmiş Ştatlarda böyük imkanların olduğuna inanır və öz Amerika arzusuna çatmağa çalışır. Bu gün Pol Muradın gənclərə mesajı da zəhmətə alışmaq, işdən qorxmamaq və müvəffəqiyyətə inanmaqdır.
"Mən Amerikaya gələndə nə ailəm, nə dostların, nə də pulum var idi. Lakin mən burada müvəffəq biznes ola bildim. Mən hələ də Amerika arzusunu gerçəkləşdirmək istəyirəm. Azərbaycanda ailəmdən öyrəndiklərim mənə çox kömək etdi. İnam, istək və qətiyyətin olması lazımdır. Bunlar olduqda arzuya çatmaq mümkündür."
Nevada ştatının qubernator müavini seçilsə, Pol Murad həm də Nevada ştatının Senatının prezidenti, habelə İqtisadi İnkişaf və Turizm komissiyalarının sədri olacaq.