Yüksəliş Partiyasının sədri həbs edilib

Anar Əsədli (Foto Yüksəliş Partiyasının facebook səhifəsindəndir)

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədliyə qarşı dələduzluq ittihamı irəli sürülüb. Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Partiyadan bildiriblər ki, aprelin 20-də Əsədli "xırda bir məsələni dəqiqləşdirmək üçün" Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb, 6 saat idarədə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Amma aprelin 21-də Əsədli yenidən qeyd edilən idarəyə çağırılıb, ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə aparılıb.

Əsədlinin vəkili və ya yaxınları hələ onun həbsi ilə bağlı münasibət bilməyib.

Bir müddət əvvəl Əsədlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Ötən il noyabrın 18-də o, Ankaraya gedə bilməmişdi.

Həmin vaxt Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, onun barəsində iki vətəndaşın şikayəti əsasında araşdırma aparılır.

"Onlar polisə bildiriblər ki, o (Anar Əsədli), dələduzluq yolu ilə vətəndaşların birindən 150 min dollar, digərindən 10 min dollar məbləğində pul alaraq mənimsəyib", Daxili İşlər Nazirliynin mətbuat xidməti bildirib.

Amma Əsədli bu iddiaların əsassız olduğunu bildirib və hüquqlarının məhdudlaşdırılmasını "siyasi sifarişlə" əlaqələndirib.

"Yüksəliş" Partiyası 2020-ci ilin parlament seçkilərindən sonra təsis edilib. Həmin il keçirilən parlament seçkilərində Əsədli deputatlığa namizədliyini irəli sürüb və səsvermə başa çatdıqdan sonra onların saxtalaşdırıldığını bildirib. 2021-ci ildə partiya qeydiyyatdan keçirilib.