Avropa Parlamenti 9 oktyabr prezident seçkilərinin nəticələrini tənqid edib

Avropa Parlamenti

Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib.

Avvropa Parlamentinin rəsmi saytının məlumatına görə Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirib

Avropa Parlamenti 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.

Azərbaycan hökumətindən ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır.

Bununla belə oktyabrın 23-də Avropa Parlamentinin sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib.

Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinə zidd olduğu qeyd edilir, və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanır.

Avropa Parlamentinin qəbul etdiyi bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu bildirilir.

Avropa Parlamentinin son qətnaməsi bir daha onu təsdiq edir ki, beynəlxalq aləm münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır