Azərbaycan prezidenti İlham Əliyev Fransada baş vermiş dəhşətli terror aktları ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda dəstək və başsağlığının əks olunduğu məktub göndərib.
“Hörmətli cənab prezident. Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda biz Fransa xalqı ilə, sizinləyik. Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, məktubda qeyd edilir.
***
Azərbaycan Xarici İşlər Nazirliyi Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin, yaralananların tezliklə şəfa tapmasını diləyirik. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir”, deyə sənəddə qeyd edilir.