Paris polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Rəsmilər bildirir ki, şənbə günü Parisin mərkəzinə etirazlarda 16 polis zabiti daxil olmaqla təxminən 100 nəfər yaralanıb, 200 nəfər həbs olunub.

Etirazçılar artıq üçüncü həftədir Parisin ən məşhur prospekti sayılan Şanzelize prospektinə (Yelisey çölləri) axışıb. Polislə qarşıdurma şənbə günü erkən saatlarda Zəfər Tağının yanında başlayıb və gecəyədək davam edib.

Etirazçılar bəzi küçələri blok edib, mağazaların pəncərələrini sındırıb, polislərə daş atıb. Polis isə cavab olaraq təhlükəsizlik postlarını keçən nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Polis bildirib ki, şənbə gündüz saatlarına Parisdə artıq 224 nəfər həbs olunub.

Bu son üç həftədə artıq üçüncü dəfədir ki, nümayişçilər artan vergi, xüsusilə də benizə tətbiq olunan vergi və president Emmanuel Makronun hakimiyyətinə etiraz etmək məqsədilə küçələrə axışıb.

Parisdə etiraz

Associated Press xəbər verir ki, Şanzelize prospekti ətrafındakı bütün metro stansiyaları təhlükəsizlik səbəbilə bağlanıb.

Etirazçıların çoxu fransız sürücülərin maşınlarında saxladığı sarı gödəkcələr geyinir. Nümayişlər “sarı gödəkcə”etirazı adı ilə tanınıb.

Ötən həftə polislə nümayişçilər arasında qarşıdurma zorakı hal aldı. Bu da 1968-ci ildə baş verən iğtışaşı xatırlatdı.

Rəsmilər deyir ki, ötən həftə Parisdə 8 min insan etirazlarda iştirak edib. Ümumilikdə isə ölkə boyu 100 min nümayiş keçirilib.

Makron təkid edir ki, benzinə tətbiq olunan vergi Fransanın fosil yanacaqlardan asılılığını azaltmaq və yenilənə bilən enerji investisiyalarını maliyyələşdirmək üçün mühümdür.