Paris Notr-Dam kilsəsində yanğın: Kilsənin strukturu və sənət əsərləri xilas edilib

Paris Yanğınsöndürmə Briqadasının bildirdiyinə görə, 400 yanğınsöndürənin 9 saatdan çox mübarizə aparmasından sonra Paris Notr-Dam kilsəsindəki yanğın söndürülüb. Çərşənbə axşamı açıqlanan məlumatda kilsənin təməlinin və əsas sənət əsərlərinin xilas edildiyi bildirilib.

XII əsrdə inşa edilmiş kilsənin iki ikonik qülləsi və daşdan olan təməli qorunub saxlanıb, lakin onun tavanı və bürcü yanaraq yerə çöküb.

Notr-Dam Parisin ruhunu əks etdirir.

Paris şəhərinin meri Ann Hidalqo kilsədən müqəddəs əşyalar və qiymətli sənət əsərlərini xilas etdikləri üçün xilasetmə dəstələrinə və polis məmurlarına təşəkkür edib. Mer deyib ki, Notr-Dam kilsəsi "Parisin ruhunu əks etdirir".

Yanğınsöndürmə briqadası yanğınla mübarizə zamanı iki polis işçisinin və bir yanğınsöndürənin xəsarət aldığını bildirib.

800 ildən çox yaşı olan kafedral Parisin ən çox ziyarət edilən məkanlarından biridir.

Yanğından bir neçə saat sonra kilsənin təmiri üçün fransalı milyarderlər Fransua Henri Pino $113 milyon dollar, Bernar Arno və onun şirkəti isə $226 milyon dollar ianə edəcəklərini elan ediblər.

Yanğının səbəbi məlum olmasa da, Fransa mediasının verdiyi məlumata görə, yanğınsöndürmə idarəsinin rəsmiləri yanğının kilsədə aparılan təmir işləri ilə əlaqədar ola bildiyini deyib.