Parisdə hücum

Fransa polisi bazar günü gecə saatlarında Parisdə ikisi britaniyalı turist olmaqla, yeddi nəfəri bıçaqla yaralayan şəxsi həbs edib.

Hücumun Parisin şimal-şərq bölgəsində, sahildə yerləşən kino-teatrın yaxınlığında baş verdiyi bildirilib. Şahidlərin dediyinə görə, hücumçunun əlində həm bıçaq, həm də dəmir parçası olub.

“Biz insanların yerdə qan içərisində uzandığını, əlində təxminən 40 sm. uzunluqda bıçaq olan şəxsin qaçdığını gördük. Yaralananlar arasında qadınlar da var idi” deyə, şahidlərdən biri bildirib.

Hücumçunun Əfqanıstan mənşəli olduğu deyilir. Xəbərlərdə polisin hücumun terrorla əlaqəsi olmadığını düşündüyü bildirilib.

AFP xəbər agentliyinin məlumatında deyilib ki, yaralananlardan dördünün vəziyyəti ağırdır.