Paris hücumlarında şübhələnilən şəxs məhkəmə qarşısına çıxarılır

Paris hücumlarında əli olmaqda şübhəli bilinən Salah Abdeslamın Belçika rəsmiləri tərəfindən Fransaya təhvil verilməsindən bir neçə saat sonra məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Abdeslamın təhvili barədə qərar qəfil çıxarıldığı üçün onun vəkili Frank Berton müştərisi ilə görüşmək üçün tələsik Lilldən Parisə getməli olub.

Fransanın ədliyyə naziri Jan Jak Urvua Abdeslamın Paris yaxınlığındakı həbsxananın təhlükəli olduqlarına inanılan şəxslər üçün təcridxanasında saxlanılacağını bildirib.

Abdeslam 2015-ci il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən hücumları həyata keçirənlər arasında sağ qalan yeganə adamdır ki, istintaqın gedişində rəsmilərə yardım edə bilər.

Abdeslam müstəntiqlərə Paris hücumlarının koordinasiyasını təşkil etdiyini və noyabrın 13-də özünü stadionda partlatmaq istədiyini, lakin sonradan fikrini dəyişdiyini deyib.