ABŞ və Yaponiya Yaponiya ərazisində raketlərdən müdafiə sisteminin yerləşdirilməsinə dair razılıq əldə edib


ABŞ və Yaponiya Yaponiya ərazisində raketlərdən müdafiə sisteminin yerləşdirilməsinə dair razılıq əldə edib. Məqsəd Şimali Koreyanın ballistik hədələrindən müdafiədir.

Amerikanın müdafiə naziri Leon Panetta yapon həmkarı Satoşi Morimoto ilə razılıq əldə edildiyini bu gün Tokioda elan edib. Nazir deyib ki, radar Yaponiya ilə bərabər Amerikanın da müdafiəsi mahiyyəti daşıyır. Lakin o, sistemin Çin əleyhinə yönəlmədiyini bildirib.

Satoşi Morimoto radarın harada yerləşdiriləcəyinin hələ bəlli olmadığını deyib.

Bu gün Çinə yola düşməzdən əvvəl Leon Panetta bildirib ki, Yaponiya və Çinin yaxşı əlaqələrdə olması hamının mənfətinə xidmət edir.

ABŞ müdafiə naziri Asiya-Sakit Okeanı regionundakı ərazi mübahisələrinin yaratdığı münaqişənin yayıla biləcəyi barədə xəbərdarlıq verib. Tokioda danışan nazir tərəfləri provokasiyalara uymamağa çağırıb.

Çində Yaponiya əleyhinə zorakı etiraz aksiyaları keçirilib. Çin və Yaponiya arasında Şərqi Çin dənizindəki adalarla bağlı mübahisə mövcuddur.

Yaponiyanın Çindəki səfirliyinin bildirdiyinə görə, nümayişçilər yapon bizneslərinə hücum edib, fabriklərində yanğın törədir.