Aprelin 5-dən Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Bu barədə Azərbaycan Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Nazirlik bunu mövcud pandemiya şəraiti ilə əlaqələndirib.
“Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur”
Nazirlik həmçinin ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanıldığını vurğulayıb.
“Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edib.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Son həftələr Azərbaycanda həm koronavirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada, həm də virusa yoluxanlar arasında ölüm hallarında artım müşahidə edilməkdədir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Hazırkı dövrədək koronavirus infeksiyasına qarşı 547541 insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.
Azərbaycana indiyədək 1,5 milyona yaxın doza “Coronavac" vaksini gətirilib.
Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov bu gün deyib ki, aprelin 5-də ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84000 doza vaksin də Azərbaycana göndəriləcək. Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq.
“Eləcə də 8 həftə ərzində Azərbaycana 218790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq,” Qasımov qeyd edib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.