İsrail və HƏMAS arasında müharibə başlayandan bəri fələstinlilərin simvolu qlobal diqqətin artmasına səbəb olub. Kəffiyə - Bir vaxtlar bədəvilərin istifadə etdiyi sadə ərəb baş örtüyü simvola çevrilib. Bəziləri üçün bu, müqavimət, bəziləri üçün qadağan ediləcək bir şey, digərləri üçün isə yüksək moda əlamətidir.
İordan çayının zəbt edilmiş qərb sahilindəki Hebronun Köhnə Şəhərinin girişindəki dükanın sahibi Bədir Tamimi İsrail və HƏMAS arasında son müharibənin başlamasından bəri kəffiyə ilə maraqlananların sayının artdığını deyir.
Mağaza sahibi Bədir Tamimi: "İndi kəffiyəyə böyük tələbat var və bu, əlbəttə ki, işimə təsir edir. İndi hamı kəffiyə istəyir".
Geyim üzrə tarixçi, fələstinli Vəfa Qnaim deyir ki, bu gün bildiyimiz kəffiyə 1936-1939-cu illərdə ərəb inqilabı zamanı ağ rəngdə olub və naxışlar 1950-ci illərdə əmələ gəlib. "Biz onu Fələstin xalqının ozamankı lideri Yasir Ərafatın taxdığını görürük. Başına qoymazdan əvvəl o, kəffiyəni Fələstinin formasına bənzəyən bu üçbucaq şəklində qatlayırdı. Təxminən eyni vaxtda fələstinli azadlıq döyüşçüsü Leyla Xalid adlı qadın başına qaralı-ağlı kəffiyə örtdü. Məhz o zaman bu, fələstinlilər üçün müqavimət və milli birlik simvoluna çevrilməyə başladı."
Qnaim deyir ki, bu geyim siyasiləşib. "Bu, terrorçu paltarıdır və ya bir fələstinli və ya Fələstinin müttəfiqi geyindiyi zaman pis görünür."
Bu siyasiləşmə səbəbiylə kəffiyə Almaniya, Kanada, Tunis və Fransa kimi yerlərdə qadağalar təhlükəsi altındadır. Və 2023-cü ildə ABŞ-ın şərqindəki Vermont ştatında üç fələstinli tələbə kəffiyə geyindiyi və ərəbcə danışdığı üçün güllələnmişdi.
Fələstinli modelyerlərdən biri kəffiyəni podiumda nümayiş etdirmək üçün bilərəkdən riskə girdiyini deyir. Sinin Xarob bu bahar Türkiyədə nümayiş etdirdiyi paltarlarına şərfin naxışlarını qatıb. Fələstinli modelyer Sinin Xarob: "Bu, mənim ilk beynəlxalq moda nümayişimdir. Mənim üçün bu, çox emosional və çox vacib idi. Mən bunu edəcəyəm, çünki bu, çox böyük risk idi. Mən qürur duyuram və nəticələrdən xoşbəxtəm."
Tamiminin Hebronda dükanı İsrailin Beit Romano qəsəbəsi ilə üzbəüz yerləşir.
Yerli istehsal olan kəffiyələrə tələbat yüksək olsa da, tədarüklər məhduddur. Hibavi ailəsinin idarə etdiyi son toxuculuq fabriki sifarişlərlərin aylarla gecikməsi ilə üzləşir.
Fələstinli fəal və təhlilçi Diana Bhutt son qarşıdurma zamanı kəffiyənin yox olmaq təhlükəsi altında olan bir mədəniyyətin simvoluna çevrildiyini deyir. "Dünya boyu nə qədər insanın mənə müraciət etməsi inanılmaz idi - kəffiyə kimi sadə şeylərdən tutmuş, Fələstin naxışlarına qədər. Onlar da bizim və bizim irsimizin bütün bu gözəl simvollarınin da yer üzündən silinəcəyindən qorxur."
Hazırkı münaqişə oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı 1200 nəfərin ölümü və 240-dan çox insanı girov götürməsi ilə başlayıb. Qəzzadakı Səhiyyə Nazirliyinin dediyinə görə, İsrail Qəzzada əks hücumu zamanı 39 mindən çox fələstinlini öldürüb.