Fələstinli səhiyyə rəsmiləri İsrailin İordan çayının qərb sahilinə reydi zamanı üç nəfərin öldüyünü bildirib

Fələstinlilərin səhiyyə rəsmiləri cümə axşamı İsrailin nəzarətində olan İordan çayının qərb sahilinə reydi zamanı azı 3 nəfərin öldüyünü bildirib.

Əməliyyat zamanı Nur Şəms qaçqın düşərgəsi ərazisinə hava zərbələri endirilib.

İsrail ordusunun dediyinə görə, o, "terror infrastrukturunu" hədəf alıb və hücumların planlaşdırılmasında iştirak edən HƏMAS militantlarını öldürüb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, HƏMAS 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücum etdikdən sonra İsrail qüvvələri İordan çayının qərb sahilində azı 763 fələstinli öldürüb.

İsrail həmçinin Tir liman şəhəri yaxınlığındakı Rəşidiyə qaçqın düşərgəsi də daxil olmaqla, cümə axşamı Livanın cənubundakı ərazilərdə yeni təxliyə xəbərdarlığı edib.

Livanın dövlətə məxsus Milli Xəbər Agentliyinin bildirdiyinə görə, cümə axşamı İsrailin hava hücumu zamanı Tirin cənubunda motosikletdə olan bir nəfər ölüb.

Agentliyin məlumatına görə, İsrailin Livanın şərqinə endirdiyi digər zərbələr nəticəsində azı yeddi nəfər həyatını itirib.

İsrail son bir gün ərzində Qəzza zolağında HƏMAS və Livandakı Hizbullahla əlaqəli 150-yə yaxın hədəfə hücum etdiyini bildirib.

Ağ Evin yüksək rütbəli rəsmiləri - Brett Makqurk və Amos Hokşteyn Qəzza və Livanda atəşkəs razılaşmaları və HƏMAS-ın hələ də saxladığı girovların azad edilməsi də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etmək üçün cümə axşamı İsraildə olacaq.

ABŞ prezidenti Co Bayden və Kipr prezidenti Nikos Xristodulides çərşənbə günü Ağ Evdə Livan və Qəzzada döyüşlərin necə dayandırılacağını müzakirə etmək üçün görüşüb.

Qəzzaya ən yaxın Avropa İttifaqı ölkəsi olan Kipr humanitar yardımın əraziyə çatdırılmasında mühüm rol oynayıb.

Hizbullahın yeni lideri Naim Qasım çərşənbə axşamı deyib ki, militant qrup məqbul hesab etdiyi atəşkəs şərtləri təklif olunana qədər Livan və İsrailin şimalında İsrailə qarşı mübarizəni davam etdirəcək.