Fələstin Qızıl Aypara Cəmiyyəti 24 saat ərzində Qəzzada dörd xəstəxanaya hücum edildiyini bildirib

Fələstinlilər Qəzza zolağının cənubuna qaçırlar. Bureyc. Qəzza zolağı. 10 noyabr 2023-cü il.

İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, o, İsrail ordusunun “son dərəcə yaxşı performans göstərdiyi”ni dediyi Qəzzada atəşkəsdə maraqlı deyil.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin başçısı cümə günü bildirib ki, son 24 saatda Qəzza zolağının şimal hissəsində dörd xəstəxana vurulub. O, İsraili fələstinli mülki vətəndaşları Qəzzadan çıxarmaq cəhdi çərçivəsində onları qəsdən hədəfə almaqda ittiham edib.

“Qəzzada səhiyyə sektoru hücum altındadır,” Fələstin Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Mərvan Cilani BMT Təhlükəsizlik Şurasının iclasına uzaqdan keçirilən brifinqdə bildirib.

​Cilani deyib ki, Əl-Şida, Əl-Əvda, Əl-Qüds və İndoneziya Xəstəxanası atəşə tutulub. O bildirib ki, Qəzza şəhərində Əl-Qüds xəstəxanasında bir nəfər ölüb, 20 nəfər yaralanıb. Xəstəxanalar xəstələrə qulluq etməklə yanaşı, təhlükəsizlik axtaran on minlərlə qəzzalı üçün sığınacaqlara çevrilib.

“Mən heyət və könüllülər, təcili tibbi yardım qrupları və Qəzza xəstəxanalarında mühasirəyə alınan həkim və tibb bacıları adından şura üzvlərini daha çox ölüm və əzabın qarşısını almaq üçün əlinizdən gələni etməyə çağırıram,” Cilani deyib.

Cilani xəbərdarlıq edib ki, Əl-Qüds xəstəxanasında əsas generator iki gün əvvəl yanacaq çatışmazlığı səbəbindən sönüb. Cilani deyib ki, orada 400 xəstə və yaralı pasientə əlavə olaraq 14 min didərgin düşən insan qalır.

“Hazırda reanimasiyada olan bütün xəstələri və inkubatorlarda olan uşaqları itirmək kimi çox ciddi risk var,” Qırmızı Ayparanın başçısı bildirib.

Fransa Prezidenti Emmanuel Makron cümə günü BBC-yə müsahibəsində atəşkəsə çağırıb. O deyib ki, o, İsrailin özünü müdafiə etmək hüququnu tanıyır, amma o həmçinin bildirib ki, mülki vətəndaşlar bombalanır. “Körpələr, qadınlar, qocalar bombalanır və öldürülür. Bunun üçün heç bir səbəb və legitimlik yoxdur, ona görə də biz İsraili dayanmağa çağırırıq.”

Səhiyyə sistemi "diz çöküb"

İsrail ordusunun rəsmiləri iddia edir ki, HƏMAS silahlarını xəstəxanaların altında tunellərdə gizlədir və Qəzzadakı ən böyük xəstəxası olan Əl-Şifanın altında komandanlıq mərkəzi qurub ki, bu da xəstəxanaları legitim hərbi hədəf edir. HƏMAS və xəstəxana rəsmiləri bunu inkar edir.

İsrail Müdafiə Qüvvələri cümə günü Əl-Şifaya atəş açdığını inkar edib və HƏMAS-ı İsrail əsgərlərinə raket atmaqda və bunun əvəzinə xəstəxananı vurmaqda günahlandırıb.

Ümumdünya Səhuyyə Təşkilatının başçısı şura üzvlərinə deyib ki, Qəzzanın səhiyyə sistemi “diz çöküb.” Belə ki, 36 xəstəxanadan 18-i və ilkin səhiyyə ocaqlarının üçdə ikisi ümumiyyətlə işləmir.

“yerdəki vəziyyəti təsvir etmək mümkün deyil,” Dr. Tedros Adhanim Ghebreyesus deyib. “Xəstəxana dəhlizləri yaralılarla, xəstələrlə, ölənlərlə doludur; meyitxanalar dolub; əməliyyatlar anesteziya olmadan olur; xəstəxanalara on minlərlə məcburi köçkün sığınıb; ailələr yemək və su üçün ümidsiz olan, izdihamlı məktəblərə sıxışıblar.”

O deyib ki, Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür və atəşkəsə çağırış edib.

Qəzzada 4500-ə yaxın uşaq öldürülüb

HƏMAS-ın nəzarətində olan Qəzzada səhiyyə nazirliyi cümə günü bildirib ki, İsrailin oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində 4500-ü uşaq olmaqla 11 mindən çox fələstinli həlak olub.

BMT-nin uşaq agentliyi UNICEF cümə günü bildirib ki, Əl-Rantisi və Əl-Nasr uşaq xəstəxanalarında tibbi xidmət demək olar ki, dayanıb və oreanimasiya və neonatal bölmələrini yalnız kiçik bir generator enerji ilə təmin edir.

“Bu gün Yer üzində bir cəhənnəm varsa, onun adı şimali Qəzzadır,” BMT-nin humanitar idarəsinin sözçüsü Yens Larke deyib.

İsrail HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubunda terror hücumuna cavab olaraq hücuma başlayıb. Rəsmilər daha öncə nəticədə əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox insanın öldüyünü bildirib. Xarici işlər nazirliyi cümə günü ölənlərin sayının 1200-ə endirib.

“Bu, yenilənmiş rəqəmdir,” İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat AFP-yə bildirib. “Bu, şəxsiyyəti məlum olmayan çoxlu sayda cəsədin olması ilə əlaqədardır və indi onların terrorçulara aid olduğunu düşünürük... İsrail itkiləri deyil.”

Həmas həmçinin 240-a yaxın adamı girov götürüb. ABŞ, Böyük Britaniya, Aİ və digər Qərb ölkələri HƏMAS-ı terror təşkilatı kimi tanıyıb.