Pakistanda ABŞ konsulluğunun iki əməkdaşı yaralanıb

ABŞ-ın İslamabaddakı səfirliyi bildirir ki, Pişəvər şəhərində baş vermiş terror hücumu nəticəsində iki amerikalı konsulluq işçisi və iki pakistanlı əməkdaş yaralanıblar.

Şimal-qərbi Pişəvər şəhərində intiharçı içərisinə bomba doldurulmuş maşını konsulluğun maşınına çırpıb.

Yerli rəsmilər partlayış nəticəsində azı iki pakistanlının həlak olduğunu və bir neçəsinin yaralandığını bildiriblər.

Bundan öncə Pakistan rəsmiləri iki ABŞ vətəndaşının həlak olduğunu xəbər vermişdi, lakin səfirlik ölümlər haqda məlumatı az sonra təkzib etdi.

Polis deyir ki, maşında 110 kiloqram ağırlığında partlayıcı maddələr yerləşdirilib.