Pakistan, Əfqanıstan və Hindistanın Kəşmir əyalətində güclü zəlzələ olub

Şahidlər bildiriblər ki, cümə günü zəlzələ nəticəsində Pakistan, Əfqanıstan və Hindistanın Kəşmir əyalətindəki bəzi binalar silkələnib. ABŞ-ın Geoloji Tədqiqat İdarəsindən verilən məlumata görə, 6.1 bal gücündə zəlzələnin episentrinin Əfqanıstandakı dağlıq Hindu Quş bölgəsindəki 210 km dərinlikdə olduğu müəyyən edilib.

Kabil rəsmiləri episentrin ətrafındakı seyrək yaşayış məntəqələrinə dəyən ziyanı qiymətləndirdiklərini bildirib.

Pakistanda təkanlar mebel və elektrik kabel dirəklərini silkələyib. Xəsarət alanlar barədə dərhal məlumat verilməyib.

İslamabaddakı Milli Fəlakət İdarəetmə Təşkilatının rəsmisi Vasim Əhməd zəlzələnin təqribən 6.4 bal gücündə olduğunu təxmin edir.

"Uşaqlarımla birlikdə badminton meydançasında idik. Çox qorxunc idi. Hər şeyin titrədiyini hiss etdik. Təhlükə hiss etdiyimiz üçün qaçdıq," paytaxt sakini Nüsrət Cabin bildirib.

Yeraltı təkanlar Hindistanın dağlıq Kəşmir əyalətində də hiss edilib. Orada insanlar evlərindən və ofislərindən qaçmağa məcbur olublar.

Hindistan yarımadasında dünyadakı ən böyük zəlzələlərdən bir neçəsi baş verib.