Pakistan Əfqanıstandan gələn səyahətçilər üçün giriş qaydalarını sərtləşdirir

Amerikanın Səsinin oktyabrın 2-də öyrəndiyinə görə, Pakistan gələn aydan etibarən digər ölkələrdən gələn səyahətçilər kimi, qonşu Əfqanıstanın bütün vətəndaşlarının da ölkəyə etibarlı pasport və viza ilə daxil olmalı olduqları qərarını verib.

İki ölkə arasında təxminən 2600 kilometrlik sərhəddə bölünmüş qəbilələrin üzvlərinə xüsusi səyahət icazəsi verən və onilliklər boyu qüvvədə olan "bir sənəd rejimi" yeni siyasətlə əvəz ediləcək.

Amerikanın Səsi tərəfindən görülmüş sənədə əsasən, yeni qərar 2023-cü il noyabrın 1-dən tətbiq olunacaq.

Hökumət yeni siyasətlə bağlı hələ rəsmi açıqlama verməyib. Pakistanın daxili işlər naziri Sərfaraz Buqti çərşənbə axşamı mətbuat konfransında Əfqanıstanla bağlı siyasət məsələlərini ətraflı müzakirə edəcəyini bildirib.

Pakistanın yüksək rütbəli rəsmisi Amerikanın Səsinə əfqanlar üçün yeni səyahət qaydalarını təsdiqləyib və deyib ki, İslamabad Əfqanıstanın Taliban hakimiyyətinin qərarın həyata keçirilməsində əməkdaşlıq edəcəyinə ümid edir. O, bu məsələni ictimaiyyətlə müzakirə etmək səlahiyyətinə malik olmadığı üçün adının açıqlanmasını istəməyib.

Taliban yeni səyahət tələbləri ilə bağlı şərh etməyib.

Pakistan və dənizə çıxışı olmayan Əfqanıstan arasındakı şimal-qərb Torxam və cənub-qərbdəki Çaman sərhəd keçid məntəqələrindən sərnişinlər və ticarət karvanları üçün istifadə olunur. Bir neçə digər keçid məntəqələri yalnız ikitərəfli və tranzit-ticarət fəaliyyətləri üçündür.

Pasport və viza tələbi ilk növbədə Əfqanıstanın cənubunda puştunların çoxluq təşkil etdiyi Qəndəhar vilayətində və ətraf sərhəd bölgələrində bölünmüş qəbilələrə təsir edəcək.

Yeni siyasət Pakistanda qeyri-qanuni yaşayan və ya vizalarını uzatmayan əfqanlara qarşı ümummilli repressiyalar fonunda tətbiq edilir.