Pakistanda silahlı qarşıdurma zamanı 6-sı əsgər olmaqla, azı 13 nəfər ölüb

Təhrik-i -Taliban Pakistan üzvləri

Pakistan rəsmiləri cümə axşamı bildiriblər ki, Əfqanıstana bitişik ərazilərdə dini zəminində olduğu ehtimal edilən silahlı qarşıdurma zamanı 6-sı əsgər olmaqla, azı 13 nəfər ölüb.

Ordunun bəyanatında Pakistan əsgərlərinin Şimali Vəziristan sərhəd rayonunda "terrorçuların tutduğu mövqelərə daxil olub, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb" - deyə, bildirilib.

Bəyanatda əlavə təfərrüat verilmədən "gərgin atışma zamanı 6 igid əsgər cəsarətlə vuruşaraq, şəhadətə qovuşub" deyilib.

Hadisə ilə bağlı məsulyyəti qadağan edilmiş "Təhrik-i-Taliban Pakistan" və ya TTP kimi tanınan qrup öz üzərinə götürüb. Pakistan Talibanı olaraq da tanınan silahlı qrup təhlükəsizlik qüvvələrinin bölgədə TTP üzvlərinə qarşı reyd keçirməyə çalışdığını, lakin pusquya düşdüyünü və onlardan 7-nin öldüyünü bildirib.

Vəziristan bölgəsi bir neçə il əvvələ qədər TTP-nin istehkamı olsa da, müstəqil mənbələrdən militantların iddiasını yoxlamaq mümkün olmayıb.

Başqa bir məlumatda isə bildirilib ki, Əfqanıstanla sərhəddə yerləşən Kurram bölgəsinin polis və xəstəxana rəsmiləri naməlum silahlı şəxslərin məktəbə basqın edərək, çoxu azlıq təşkil edən şiə icmasının üzvləri olan 7 müəllimi öldürüb. Paraçinarda baş verən hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

Pakistanda əksəriyyət təşkil edən sünnilərlə azlıqda olan şiə icmaları arasında uzun müddətdir dinlə bağlı gərginlik hökm sürür.

TTP Şimali Vəziristan və Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin ətraf rayonlarında təhlükəsizlik qüvvələrinə qarşı demək olar ki, hər gün hücumlar təşkil edir.