Pakistanın keçmiş Baş naziri İmran Xan cümə axşamı hökumət əleyhinə yürüşə başçılıq edərkən sui-qəsd cəhdi zamanı güllələnərək yaralanıb.
Pakistanın paytaxtı İslamabadda hökumət əleyhinə siyasi yürüşünün altıncı günündə keçmiş Baş nazir İmran Xan ölkənin şimal-şərqindəki Pəncab vilayətinin Vəzirabad şəhərində güllələnərək, ayağından yaralanıb. Hücum zamanı azı 13 nəfər yaralanıb, bir nəfər ölüb.
Aprel ayında parlamentdə etimadsızlıq səsverməsi nəticəsində Baş nazir vəzifəsindən kənarlaşdırılan və erkən seçki tələbi ilə küçələrdə çıxan Xan tez bir zamanda xəstəxanaya çatdırılıb və vəziyyətinin stabil olduğu bildirilib.
Polis şübhəli şəxsi həbs edib. Atəş açdığı iddia edilən şəxs polisin nəzarəti altında ikən internetdə onun tək hərəkət etdiyini bildirdiyi video yayımlanıb. Regional polis rəisi Axtar Abbas: "Şübhəli şəxs polis nəzarətindədir. İstintaq davam edir, xüsusi istintaq qrupu ayrılıb".
Xanın siyasi partiyası olan “Pakistan Tehrek-i-İnsaf” və ya PTI üzvləri də daxil olmaqla, minlərlə pakistanlı ədalət tələbi ilə ölkə boyu küçələrə çıxıb. PTI lideri Fəyyaz-ül-Həsən Çohan: "Bütün bunlar mafiya, Pakistanı bir dövlət, Pakistan xalqını isə bir millət olaraq öz qulları kimi saxlamaq istəyən güclü dairələr Pakistanın özünə hörmətindən, şərəfindən və əsl müstəqilliyindən danışan lideri aradan qaldırmaq qərarına gəlib."
Heybər Paxtunxva Vilayət Assambleyasının üzvü Ayişə Banu: "Hər yerdə etirazlar var və bu, Pakistan xalqının İmran Xanın müdafiəsinə qalxdığını sübut edir. Bu cür qorxaq hərəkətlər qadınlarımızı, uşaqlarımızı, gənclərimizi, böyüklərimizi qorxuda bilməz".
İslamabaq sakini Riyaz Çamkanı: "Nə qədər qınasaq da, kifayət etməyəcək. Hücum edənlərdən hücumun kimlər tərəfindən planlaşdırıldığını və bunun arxasında kimlərin dayandığını öyrənmək indi hökumətin məsuliyyətidir".
Təhqiqat vaxt aparsa da, "Pakistan Tehrek-i-Insaf" tərəfdarları və liderləri hücumda Pakistanın hakim siyasi partiyası “Pakistan Müsəlman Liqası”nı günahlandırmağa tələsib.
Xanın köməkçisi Əsəd Umar video bəyanatında bildirib ki, Xan hücumun arxasında hazırkı Baş nazir Şəhbaz Şərif, daxili işlər naziri Rana Sanaulla və kəşfiyyat rəsmisi, general-mayor Feysal Nasirin dayandığına inanır.
Sənaulla mətbuat konfransında bu iddiaları rədd edib. Şərif isə hücumu pisləyib və dərhal araşdırma aparılmasına göstəriş verib.
Sui-qəsd cəhdi keçmiş Baş nazir Benəzir Bhuttonun 2007-ci ilin dekabrında öldürülməsindən təxminən 15 il sonra baş verib.