Pakistan Ərəbistan dənizi sularında 45 ölkənin hərbi təlimlərinə ev sahibliyi edəcək

Pakistan bazar ertəsi bu ayın sonunda ABŞ, Çin və Rusiya da daxil olmaqla, 45 ölkənin Şimali Ərəb dənizindəki sularında hərbi dəniz donanması təlimlərinə ev sahibliyi edəcəyini bəyan edib.

Rusiya hərbi gəmiləri son on ildə ilk dəfə NATO-ya üzv olan bir neçə ölkə ilə birlikdə keçiriləcək təlimlərə qatılacaq.

Rəsmilər Pakistan sularında iki ildə bir dəfə keçirilən çoxmillətli "AMAN" (Sülh) təlimlərinin dəniz quldurluğu, terrorizm, dəniz təhlükəsizliyi və sabitliyə təhdid olan digər cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın inkişafına yönəldiyini bildirib.

"AMAN təlimləri boşluqların aradan qaldırılması və ümumi məqsədlər naminə birlikdə fəaliyyət göstərməyin mümkünlüyünü nümayiş etdirir" - deyə, Pakistan Hərbi Dəniz Donanmasının komandiri, admiral Navid Əşrəf bazar ertəsi bildirib.

Admirala istinad edilən rəsmi bəyanatda bildirilir ki, təlimlərdə iştirak edəcək ölkələrin xüsusi təyinatlı qüvvələri və dəniz komandaları su və hava dəyərləndirmələri əsasında manevrlər keçirəcək.

Britaniya, Türkiyə, Banqladeş, Şri Lanka, İndoneziya, Malayziya və Afrika Birliyindən olan ölkələr də "Barış üçün Birlikdə" bayrağı altında keçirilən hərbi təlimlərdə iştirak edənlər arasındadır.

Son dəfə Rusiya Hərbi Dəniz Donanması NATO üzvləri ilə birgə hərbi təlimləri 2011-ci ildə İspaniya sahillərində "Bold Monarch" adı altında keçirmişdi.

NATO-nun Moskva ilə münasibətləri 2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra pisləşib.

"Pakistanın dəniz təhlükəsizliyi yalnız onun özü üçün deyil, firavanlığı və tərəqqisi dənizlərlə möhkəm bağlı olan bütün digər ölkələr üçün də vacibdir" - deyə, Əşrəf bildirib.